İşə düzəltmək adı ilə edilən dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
News24.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə edilən müttəhimə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Buna qədər müttəhimin üzərində 2 il 6 ay həbs cəzası olub. Həmin cəza hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanıb və müttəhimə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Valeh adlı təqsirləndirilən şəxs dostuna onu hüquq-mühafizə orqanlarında işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 6 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Məhkəmə prosesində müttəhim verilmiş ittihamla özünü təqsirli bilib. Həmçinin məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib.