AZ

"Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı" - "Deutsche Welle"

"Vaşinqton və Ankara ittifaqı regionun geosiyasi xəritəsini dəyişir..."

ABŞ-da Ermənistan və Azərbaycan arasında imzalanan çərçivə sazişi Rusiya imperiyasının I Aleksandr və I Nikolay dövründən bəri davam edən Cənubi Qafqazdakı üstün mövqeyinin sonunu ifadə edir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Nəşrin köşə yazarı, rusyalı jurnalist Konstantin Egert yazır ki, bu razılaşma Moskvanın iştirakı olmadan, amma ABŞ administrasiyasının fəal vasitəçiliyi və Türkiyənin dəstəyi ilə əldə olunub. Beş-yeddi il əvvəl belə bir ssenari təsəvvür belə edilə bilməzdi.

Vaşinqton sazişi: kim uddu?

8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan sənəd tamhüquqlu sülh müqaviləsi olmasa da, bir "yol xəritəsi" rolunu oynayır. O, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin nə vaxt qurulacağı və ya Ermənistan Konstitusiyasından Qarabağla bağlı maddələrin nə zaman çıxarılacağı kimi konkret tarixləri göstərmir.

Lakin görünür ki, Donald Tramp iki ölkə arasında Naxçıvana birbaşa nəqliyyat dəhlizi uğrunda yeni müharibəni önləyə bilib. Planlaşdırılan tranzit marşrutu Ermənistanın suverenliyini qorumaq şərti ilə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlanacaq və Türkiyə sərhədinədək uzanacaq. Bu yol həm də regionun əsas enerji tranzit xətti olacaq.

Bakı üçün qazanc: İlham Əliyev ABŞ-ın Cənubi Qafqaz və Xəzər regionundakı əsas tərəfdaşına çevrildi, Amerika silahlarına çıxış imkanı əldə etdi. Avropa üçün isə Azərbaycan enerji resursları artıq Rusiyaya alternativ kimi tam möhkəmləndi.

İrəvan üçün qazanc: Nikol Paşinyan potensial müharibədən yayınaraq ölkəsini regional təcriddən çıxarmaq şansı qazandı. Türkiyə ilə sərhədin açılması, Avtopa İttifaqı ilə vizasız rejim danışıqlarının sürətlənməsi və Moskvanın təsirindən uzaqlaşma perspektivi yaranıb.

Moskva və Kremlə qarşı sərtləşən kurs

Ermənistanda cəmiyyətin böyük hissəsi Rusiyanı Qarabağ müharibəsində onları tək buraxmaqda ittiham edir. Bu məğlubiyyət isə paradoksal şəkildə ölkənin real suverenliyini gücləndirib.

Paşinyan Rusiya ilə bağlı biznes və siyasi təsirləri də zəiflətməyə çalışır. Məsələn, Rusiyada sərvət toplamış Samvel Karapetyanın həbsini həm cəmiyyətə, həm də diasporaya açıq mesaj kimi təqdim edib: "Rusiyada yaşayıb Ermənistan siyasətinə yön vermək mümkün olmayacaq".

Kreml isə Paşinyanı devirmək üçün 2026-cı il parlament seçkilərində siyasi təxribat və maliyyə dəstəyi ilə Rusiyameylli qüvvələrini önə çəkmək planı qura bilər. Əgər Paşinyan rus ordusunu və xüsusi xidmət orqanlarını ölkədən çıxarmağa davam etsə, Moskva ilə qarşıdurma qaçılmaz olacaq.

Yeni regional reallıq

İlham Əliyevin belə bir vəziyyətdə Paşinyanı dolayısı ilə dəstəkləməsi mümkündür. Çünki Ermənistanın Moskva tərəfindən idarə olunan qüvvələrə keçməsi nə Bakı, nə də Ərdoğan üçün sərfəlidir. Hətta Ukrayna müharibəsi tam dayandırılsa belə, Moskvanın Cənubi Qafqazdakı əvvəlki mövqelərini bərpa etməsi real görünmür. İndi bu bölgənin gələcəyini Kreml deyil,  əsasən Ankara və müəyyən dərəcədə Vaşinqton müəyyən edəcək.

Seçilən
4
moderator.az

1Mənbələr