AZ

Hər şey üçün təşəkkürlər, cənab Prezident!

Bəli. Zaman dəyişib. Çox dəyişib. Amma kortəbii dəyişməyib. Onu Cənab dəyişdirib.

Dünyanı özündən danışdıran Vaşinqton qələbəsi də, bir tək Azərbaycanın deyil, bütövlükdə Qafqazın sabitliyinə, təhlükəsizliyinə, rifahına yol açacaq anlaşma da, dövlətimə, millətimə bu şəkildə qoyulan hörmət də birbaşa və birmənalı İlham Əliyevin sayəsindədir!

Məlum hadisədən dolayı sevinənlər və bizimlə həmrəylik nümayiş etdirənlər öz yerində...

Mənə ən çox maraqlı olan bilirsinizmi nədir? - Bölgəni qarışdırmaq istəyənlərin, sülhün olmaması üçün əlindən gələni əsirgəməyənlərin, “a” nöqtəsindən “z” nöqtəsinə qədər gedilən yolda və bütün proses boyunca İlham Əliyevə uduzanların, mənim müdrik Prezidentimin fenomenal gedişlərini quzu balası kimi izləməyə məcbur qalanların məhz həmin an (!) hiss etdikəri...

Boğazlarındakı qalstukumu çeynəyiblər, qarşılarındakı televizorumu qırıblar, başlarını daşlaramı döyüblər, yoxsa nə - orasını dəqiq deyə bilmərəm.

Fəqət, tam əminliklə deyə biləcəyim bir şey var: dəliyə dönüblər, gözlərindən qan damıb, ömürlərindən ömür gedib.

Yüz faiz. Milyon faiz...

***

Dünən, sosial şəbəkələrdə az qala bütün ukraynalılar bir ağızdan eyni sözü təkrarlayırdı: “Kaş bizim İlham Əliyev kimi Prezidentimiz olaydı...”

Kamerunlu da, madaqaskarlı da, ərəb də, slovakiyalı da yazır ki, “Bravo, İlham Əliyev”

Buraxın başqalarını, hətta erməninin özü də post paylaşır və bu görüşdən, anlaşmadan, təminatlı sülhdən dolayı Paşinyana deyil, İlham Əliyevə təşəkkür edir...

***

Yox. Təfsilatlara, detallara varmayacam. Çün, hər kəs bilir, ABŞ-də nə baş verdi.

Amma paralel fonda bir psixoloji məqam var ki, onu mütləq şəkildə vurğulamaq məcburiyyətindəyəm: Gecənin ikisində, üçündə, dördündə siyasətçisindən dülgərinə, müəllimindən həkiminə qədər hamının oyaq qalıb öz Liderini izləməsi, ürəyində, içində yarım qram şübhə duymadan hər şeyin çox yaxşı olacağına inanması, hətta dan yerinin sökülmə anında belə bir-biri ilə zəngləşməsi, mesajlaşması, təbrikləşməsi, bayramlaşması var ha....- şəxsən mən, yaşadığım həyatda bundan ötə, bundan gözəl, bundan ali hiss tanımıram!

Hər şey üçün sonsuz təşəkkürlər, cənab Prezident!

Qələbələrinin davamı gəlsin, can Azərbaycan!

Hə, bir də...

Qəzanız mübarək - radikallar, boşboğazlar, erməni lobbisinn dəstəyi ilə xarici media qurumlarında qəfil peydahlananlar, öz ölkəsinin uğurunu şəxsi uğursuzluğu sayanlar, Şuşa azad olunduğu gün qəm dəryasına batanlar!

Məğlubiyyətiniz mübarək – söyüşdən yoğrulanlar, İlham Əliyevin Vaşinqtonda qaldığı hotelin qarşısında qaragüruh barrikadası quranlar, siçan dəliyində gizlənənlər, cəsərətsiz, bədbəxt məxluqlar!

Rəzilliyiniz mübarək – bizə düşmən kəsilən ölkələrin daxildə və xaricdəki agentləri, simsiz teleqrafları, donos ötürənləri, ştatlı “işverənləri”!

Fiaskonuz mübarək – Azərbaycana yuxarıdan aşağı baxanlar, terrorla, şantajla, qısnama ilə çox uzağa gedəcəyini düşünənlər, qara və nankor xislətlərinin girdabında çabalayanlar, başqası üçün qazdıqları quyuya özləri düşənlər və hətta həmin quyunun tam dibinə qədər yuvarlananlar!

Gedin, topalaşın, qucaqlaşın və ağlaşın!

Gecindən də olsa reallıqla, faktla, güclə, qüdrətlə hesablaşın!

Çünki – eynən yazımın əvvəlində söylədiyim kimi – zaman dəyişib.

Və bu zamanı İlham Əliyev öz gücü, müdrikliyi, sanbalı və cəsarəti ilə dəyişib...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
1
2
qafqazinfo.az

3Mənbələr