AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan diplomatiyasının tarixi zəfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə həyata keçirdiyi səfər, ölkəmizin diplomatik salnaməsində qızıl hərflərlə yazılacaq hadisə kimi tarixə düşdü. Bu səfər, təkcə iki dövlət arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, həm də milli maraqlarımızın beynəlxalq miqyasda qətiyyətlə müdafiəsinin parlaq nümunəsi oldu.

İllərlə Azərbaycanın üzərinə kölgə salan, ədalətsiz siyasi məhdudiyyətin simvolu olan Azadlığa Dəstək Aktına 907-ci düzəliş, məhz Prezident İlham Əliyevin qətiyyətli diplomatiyası nəticəsində ABŞ Prezidenti tərəfindən dayandırıldı. Bu addım, Azərbaycan xalqına qarşı uzun illər davam edən haqsızlığın aradan qalxması, Vaşinqtonun Azərbaycanın regional və qlobal əhəmiyyətini rəsmən etiraf etməsi deməkdir.

Enerji tərəfdaşlığında yeni nəfəs

Səfər çərçivəsində SOCAR və “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu, Azərbaycanın enerji diplomatiyasında yeni səhifə açdı. Bu sənəd, yalnız neft və qaz sahəsində deyil, alternativ enerji və innovativ texnologiyalar istiqamətində də əməkdaşlıq perspektivlərini genişləndirir. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, qlobal enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Vaşinqton görüşləri bir daha göstərdi ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Cənubi Qafqazın siyasi gündəmini müəyyənləşdirən, beynəlxalq münasibətlər sistemində isə öz çəkisi və sözü olan müstəqil güc mərkəzidir. ABŞ tərəfindən nümayiş olunan siyasi iradə, Azərbaycanın regionda sabitlik və inkişafın əsas dayağı olduğunu təsdiqlədi.

Bu səfərin hər bir detayı milli maraqlarımızın müdafiəsinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə xidmət etdi. Prezident İlham Əliyevin Vaşinqtonda nümayiş etdirdiyi siyasi iradə, Azərbaycanın gələcək onilliklərdə də güclü, suveren və öz taleyinin sahibi kimi inkişaf edəcəyinə əminlik yaratdı.

Vaşinqton səfəri, diplomatiyamızın böyük zəfəri, milli qürurumuzun təntənəsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsi yolunda mühüm bir mərhələdir. Bu görüş, yalnız bu günümüzü deyil, gələcək nəsillərin də taleyini müsbət istiqamətdə formalaşdıracaq strateji əhəmiyyətə malikdir.

Dərya Qılıc (Nailə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Prezident təqaüdçüsü

Seçilən
13
moderator.az

1Mənbələr