AZ

SOCAR və ExxonMobil əməkdaşlığı: Azərbaycanın enerji strategiyasında yeni mərhələ – ÖZƏL

"SOCAR ilə "ExxonMobil" arasında imzalanan "Əməkdaşlıq haqqında Memorandum" Azərbaycanın enerji sektorunda həm strateji, həm də iqtisadi baxımdan mühüm dönüş nöqtəsi ola bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert  Famil  Niftiyev deyib. İqtisadçı bildirib ki, bu sənəd ilk növbədə Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini möhkəmləndirərək ölkənin uzun müddətli enerji strategiyasına yeni nəfəs gətirir: "'ExxonMobil' kimi dünyanın ən iri neft-qaz şirkətlərindən biri ilə tərəfdaşlıq, Azərbaycanın enerji resurslarının hasilatı, emalı və ixracı sahəsində texnoloji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Şirkətin yüksək səviyyəli mühəndislik təcrübəsi, dərin dəniz və mürəkkəb geoloji şəraitdə işləmə qabiliyyəti SOCAR-ın mövcud layihələrinin səmərəliliyini artırmaqla yanaşı, yeni yataqların işlənməsi üçün də real şəraityarada bilər".

Bu memorandum Azərbaycanın enerji bazarına və xarici sərmayə axınına hansı real təsirləri göstərə bilər?

Memorandumun iqtisadi tərəflərinə baxdıqda, bu əməkdaşlıq xarici sərmayə axınını sürətləndirəcək amillərdən biri kimi çıxış edə bilər. ABŞ kapitallarının enerji sektoruna daxil olması Azərbaycanın beynəlxalq investisiya imicini gücləndirərək digər iri transmilli şirkətlərin də ölkəyə marağını artıra bilər. Bundan başqa, yeni texnologiyaların tətbiqi və istehsal güclərinin genişlənməsi sayəsində ixrac potensialının yüksəlməsi, dövlət büdcəsinə daxil olmaların artması və neft-qaz gəlirlərinin daha sabit əsaslarda formalaşması gözlənilir. Bu, öz növbəsində milli valyutanın sabitliyinə və ümumi iqtisadi balansın qorunmasına da müsbət təsir göstərə bilər.

"ExxonMobil" kimi nəhəng bir şirkətlə əməkdaşlıq Azərbaycanın enerji strategiyasında hansı yeni imkanlar aça bilər?

Enerji strategiyası baxımından "ExxonMobil" ilə əməkdaşlıq Azərbaycanın mövcud layihələrinə əlavə olaraq, bərpa olunan enerji və enerji səmərəliliyi kimi yeni istiqamətlərin inkişafı üçün də platforma yaradabilər. ABŞ-nin enerji texnologiyalarında qabaqcıl mövqeyi nəzərə alınarsa, bu tərəfdaşlıq Azərbaycanın enerji keçidi strategiyasına - yəni, karbon emisyonların azaldılması və enerji mənbələrinin şaxələndirilməsi planlarına - ciddi dəstək verə bilər. Bundan əlavə, bu əməkdaşlıq Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələrin davamlılığını təmin etməklə yanaşı, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu da möhkəmləndirəcək.

"Bu memorandum yalnız bir biznes razılaşması deyil, həm də Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlanğıcıdır. O, ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, texnoloji inkişafını sürətləndirəcək və enerji sektorunda beynəlxalq inteqrasiyasını daha da gücləndirəcək," - deyə ekspert əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
99
50
olaylar.az

10Mənbələr