Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra ölkələr üçün də strateji əhəmiyyət daşıyır. 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək.
Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişəcək, ticarət axınlarını sürətləndirəcək, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Elman Sadıqov deyir ki, Ukrayna-Rusiya müharibəsi fonunda formalaşan yeni geosiyasi vəziyyət, nəqliyyat və yükdaşıma şirkətlərini təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib. Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəhliz vasitəsilə beynəlxalq yükdaşımalardan əldə etdiyimiz gəlir artacaq. Deputat bildirir ki, bu həmçinin Naxçıvan iqtisadiyyatının inkişafı deməkdir.
Zəngəzur dəhlizində tranzit ölkə qismində çıxış edən Azərbaycan beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilərək, dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunacaq. İki qitə arasındakı ticarət dövriyyəsi 200 milyard dollar artacaq. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə 3-3,5 milyard dollar təkcə tranzit gəliri əldə edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.