AZ

Ermənistan konstitusiyanı dəyişdirməsə...

Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə yekun sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığı deməyə əsas verir.

Azərbaycan və Ermənistan Minsk qrupunun de-yure buraxılması ilə bağlı ATƏT-in Baş katibinə müraciət etdi. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu de-fakto əhəmiyyətini itirmişdi, lakin Ermənistan bu amildən danışıqlar masasında əlini gücləndirmək üçün istifadə etməyə çalışır, eyni zamanda, regionda maraqlı tərəflər MQ-nin “de-yure mövcudluğundan” gələcəkdə rıçaq kimi istifadə etməyi düşünürdülər. Lakin Azərbaycan de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılmasını tələb edirdi. Nəhayət, Vaşinqton görüşündə ATƏT-ə bununla bağlı müraciət edildi.

Sülh sazişinin imzalanmasında əsas həll edilməli məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin irəli sürdüyü bu tələb Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr razılaşmasında yer alırdı, lakin rəsmi İrəvan müharibədən sonra müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa çalışıb. Rusiyanın dəhlizdə mövcudluğunu qəbul etməyən Qərb ölkələri də bu məsələdə Ermənistana dəstək verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycanın tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin əldə edilməsi mövqeyində prinsipiallıq nümayiş etdirdi və Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

- Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin edən yol Ermənistan tərəfindən 99 illik müddətində Amerika şirkətinə icarəyə verildi;
- Yolda təhlükəsizliyi və gediş-gəlişi özəl şirkət təmin edəcək;
- Azərbaycandan daşınan yüklər və gedən sərnişinlər heç bir erməni hərbçisi ilə təmasda olmadan, rahat şəkildə Naxçıvana çatacaq;


Beləliklə, sülh sazişi paraflandı, Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi və Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. İndi yekun sülh sazişinin imzalanması önündə yeganə maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsidir.

Birgə Bəyannamədə Ermənistan konstitusiyasının dəyişdirilməsi konkret qeyd olunmasa da, fərqli formada öz əksini tapır. Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq. Bəyannaməyə imza atan Ermənistan bununla bağlı üzərinə öhdəlik götürür.

Əks təqdirdə, yekun sülh sazişinin imzalanması mümkün deyil. Çünki 1995-ci ildə qəbul edilən Ermənistan kontitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan müstəqillik bəyannaməsi isə Qarabağın Ermənistana “birləşməsini” – qondarma “miatsum” qərarının yerinə yetirilməsini özündə əks etdirir. Ermənistanın mövcud konstitusiyası Qarabağın işğalını dövlət qarşısında “vəzifə” olaraq, müəyyənləşdirir. Paşinyan hakimiyyəti zaman-zaman mövcud konstitusiyanın sülh sazişinə mane olmadığını iddia etsə də, Azərbaycana qarşı ərazi iddiasının Ermənistanın ana qanununda yer aldığı müddətdə, müqaviləni imzalamaq regiona davamlı sülhü gətirməyəcək.

Birincisi, mövcud hakimiyyətin gələcəkdə konstitusiyanı əsas götürərək, Azərbaycana qarşı ərazi iddiasını yenidən irəli sürməyəcəyinə heç kim zəmanət vermir;
İkincisi, Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən sonra yeni qüvvələrin yenə konstitusiyaya istinadən Qarabağa iddia etməyəcəyinə heç kim zəmanət verə bilməz;


Bu baxımdan, Azərbaycanın yekun sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi bu ölkənin daxili işlərinə qarışmaq yox, bölgədə davamlı sülhün əldə edilməsi məqsədi daşıyır.

Vaşinqtonda konstitusiyanın dəyişdirilməsi öhdəliyini götürən Ermənistanın yekun sülh sazişi üçün yeganə yolu Azərbaycanın bu tələbini icra etməkdir. Əks təqdirdə, rəsmi İrəvan eyni anda iki yalnışa yol verəcək.

1. Yekun sülh sazişinin imzalanmasını bloklayacaq, eləcə də indiyə qədər sülhlə bağlı əldə olunan bütün razılaşmaları sıfırlayacaq;
2. ABŞ-a, şəxsən Prezident Donald Trampa hörmətsizlik edəcək, çünki Birgə Bəyannamədə Vaşinqtonda imzalanıb.


Prezident İlham Əliyev də Vaşinqton səfərinin yekunlarına dair mediaya verdiyi müsahibədə bu məsələyə toxunub.

“Paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”, - dövlət başçısı vurğulayıb.

İndi top Ermənistandadır. Rəsmi İrəvan konstitusiya dəyişikliyini nə qədər tez həyata keçirsə, yekun sülh sazişi də bir o qədər tez imzalanacaq və regiona nəhayət, davamlı sülh gələcək. Bu, təkcə Cənubi Qafqazı uzun illər inkişafdan geri qoyan problemin tamamilə aradan qaldırılması yox, həm də Ermənistanın inkişafı, gələcək mövcudluğu üçün vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan nə qədər tez addımlar atsa, öz xeyrinə olacaq. Əks təqdirdə, ilk itirən Ermənistanın özü olacaq.

Asif Nərimanlı

Seçilən
9
4
publika.az

5Mənbələr