Türkiyənin müdafiə sənayesinin önəmli qurumlarından olan "Baykar" tərəfindən hazırlanmış mini qanadlı raket "KEMANKEŞ 1" Yunan mətbuatında gündəm olub.
Publika.az xəbər verir ki, Yunan mediası, "KEMANKEŞ 1"in Egey dənizində qaydaları dəyişəcəyini yazaraq, raketin hədəfləri tam dəqiqliklə vurduğunu qeyd edib.
Afinadan "KEMANKEŞ 1" təhlili
Yunan mətbuatında bildirilib ki, Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanmış və "Bayraktar TB3" pilotsuz uçuş aparatı ilə sınaqdan keçirilmiş yeni mini qanadlı raket "KEMANKEŞ 1" bölgədəki qüvvələr balansını dəyişdirəcək. Xəbərdə vurğulanıb ki, süni intellektlə təchiz olunmuş, gecə-gündüz əməliyyat apara bilən və elektron maneələrə davamlı "KEMANKEŞ 1" yüksək texnologiyalı silahdır. Raketin düşmən cəbhəsinin dərinliyindəki hədəfləri yüksək dəqiqliklə vura bildiyi qeyd olunub.
Hər şəraitdə fasiləsiz əlaqə
Jet mühərrikinə sahib "KEMANKEŞ 1"in 20 dəqiqəlik uçuş müddəti var və yalnız "TB3"dən deyil, həm də "Bayraktar TB2" və "AKINCI"dan buraxıla bilir. Süni intellekt dəstəkli optik idarəetmə sistemi sayəsində əlverişsiz hava şəraitində belə hədəf aşkarlamaq və məhv etmək mümkündür, maneə qarşısı alma texnologiyası ilə operatorla fasiləsiz əlaqə saxlanılır.