AZ

Rüfət Abdullazadənin yoxluğunda ilk məğlubiyyət

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin yeni komandası “Varajdin” Xorvatiya çempionatına növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 2025/2026-cı illər mövsümünün 2-ci turu çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

“Varajdin” səfərdə baş tutmuş bu oyundan xalsız ayrılıb. Meydan sahibləri yekunda 3:1 hesablı qələbəyə seviniblər. 21-ci dəqiqədən etibarən azlıqda oynamaq məcburiyyətində qalmış “Varajdin” 27-ci dəqiqədə hesabı açmasına rəğmən, sonradan 3 qol buraxaraq yeni mövsümdə ilk məğlubiyyətinə üzülüb.

Azərbaycanlı vinger bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

“Varajdin” 2 turdan sonra 1 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Seçilən
7
1
arena.az

2Mənbələr