AZ

Balıqçı yeddi saatlıq mübarizədən sonra 310 kiloqramlıq akulaya qalib gəldi

BAKI, 11 avqust. TELEQRAF

ABŞ-də bir balıqçı tülkü köpəkbalığı ilə yeddi saat mübarizə apararaq rekord vurub.

Teleqraf xəbər verir ki, bu barədə “CT Insider” məlumat yayıb.

Konnektikut ştatından olan Ed Lavli dostu ilə balıq tutarkən toruna təxminən 5,6 metr uzunluğunda və 310 kq ağırlığında nəhəng akula düşüb. Nəticədə, o, təxminən yeddi saat ərzində tordan qurtulmağa çalışan balıqla mübarizə aparmalı olub.

Orta məktəbdə güləş çempionu olmuş təcrübəli balıqçı Lavli bu döyüşü həyatının ən çətin döyüşü adlandırıb. Balıqçılar köpəkbalığını iki harpunla tutub qayığa bağlayıblar. Onlar iki saat ərzində limana doğru üzüb, ora çatdıqda isə canlını yük maşınına yükləyiblər.

Lavlinin həyat yoldaşı Sintiya bu nəhəng balığı görəndə heyrətləndiyini etiraf edib.

Balıqçı ovunu doğrayıb və ətini dostlarına paylayıb. Hazırda ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin əməkdaşları köpəkbalığının dəqiq çəkisini müəyyən etmək və rekordu təsdiqləmək üçün fotoşəkilləri araşdırırlar.

Seçilən
27
teleqraf.com

1Mənbələr