AZ

Fırıldaqçılar iş başında - Kirayə mənzil axtaranlar DİQQƏTLİ OLSUN!

Hər il avqust ayında qəbul imtahanlarının yekunlaşması və abituriyentlərin tələbə adını qazanması Bakıda kirayə bazarında canlanma yaradır. Artıq ali məktəblərə qəbul imtahanları yekunlaşıb və abituriyentlər imtahandakı nəticələrinə uyğun olaraq ali məktəbə qəbul olub olmadıqlarını təxmin edə bilirlər. Bu səbəbdən də valideynlər indidən kirayə mənzil axtarışına çıxıb, övladları üçün mənzil seçirlər.

Əsasən sosial şəbəkələrdə və xüsusi elan saytlarında ev axtaranlar bir sıra neqativ halla, o cümlədən fırıldaqçılarla üzləşirlər. Bəzi şəxslər şəhərin mərkəzi ünvanında hər cür şəraiti olan kirayə mənzili real bazar qiymətindən 50-100 manat ucuz təklif edərək, insanları cəlb edirlər. Mənzili kirayələmək istəyən vətəndaş elan sahibi ilə onlayn şəkildə razılaşır, behləşmək istədiyi halda ona kart hesabı atılır və ödəniş tələb olunur. Beləliklə, çox sayda vətəndaş bu fırıldağın qurbanı olur.

Məsələ barədə fikirlərini Bizim.Media ilə bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, tələbat artdıqca bu sahədə də problemlər çoxalır:

“Xüsusilə, avqust ayının sonu və sentyabrın əvvəllərində fırıldaqçılıq artır. Bu dönəmdə evlər dərhal əldən çıxır deyə bundan sui-istifadə edən fırıldaqçılar var. Bəzən əmlakçılar da bu yola əl atırlar. Sadəcə, bu cür elanlara inanmamaq laızmdır. Hətta ev verərkən, gəlib evə baxarkən mülkiyyət sahibinin sənədlərinə, evin çıxarışına, şəxsin şəxsiyyət vəsiqəsinə baxmaq, beh, pul alan şəxsin həmin ünvana hansı şəkildə bağlantısını yoxlamaq lazımdır. Bu kimi amillər mütləqdir. Bunlara fikir verilmədiyi və uzaqdan-uzağa beh verilən halda vətəndaş zərərçəkmişə çevrilə bilər”.

O, bildirib ki, mənzil kirayələyərkən müqavilə bağlamaq mütləqdir:

“Bir çox hallarda istehlakçılar sonradan digər problemlər, mənzilin vaxtından tez boşaldılması, icarə qiymətinin sonradan artırılması, təmiri, depozit ilə bağlı problemlərlə üzləşirlər. Bunların yaşanmaması üçün həm icarəyə götürən, həm icarə verən arasında mütləq müqavilə bağlanmalıdır. Bütün şərtlər də müqavilədə öz əksini tapmalıdır”.

Günay Şahmar, Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr