AZ

7 ayda 1 milyondan artıq zərərli elektron poçt bloklanıb

Cari ilin yanvar-iyul ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Bildirilib ki, müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

Qeyd edilib ki, XRİTDX-in daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7,455,124 elektron poçt emal olunub. Məlumata əsasən, onlardan 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

"XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir", - deyə məlumatda qeyd edilib.

Seçilən
51
25
ikisahil.az

10Mənbələr