AZ

Tarixi səfər: siyasi qətiyyət və növbəti diplomatik qələbə

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatik tarixində mühüm mərhələ kimi daim yadda qalacaqdır. Bu səfər, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinin formalaşmasında dönüş nöqtəsi kimi dəyərləndirilir. Son illər ərzində Azərbaycanın qazandığı uğurlar Zəfər diplomatiyasının yeni səhifəsini açaraq, dövlətimizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ səfəri ölkəmizin regional və qlobal səviyyədə əldə etdiyi siyasi-diplomatik nailiyyətlərin bariz ifadəsi kimi tarixə qızıl hərflərlə yazılıb.

Səfərin siyasi məzmunu Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş tarixi Sammitin nəticələrinə əsaslanır. Bu görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Sammitin nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Həmin sənəd Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmi təsdiqi və dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bəyannamə həm regionda davamlı sülhün bərqərar olunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən strateji sənəd kimi tarixi əhəmiyyət kəsb edir.

Bəyannamədə xüsusi yer tutan müddəalardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı qərar olub. Burada Sazişin qısa müddətdə imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi açıq şəkildə vurğulanıb.

Sammit çərçivəsində mühüm diplomatik addımlardan biri də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması olub. Bu addım 2020-ci ildən bəri Azərbaycan tərəfindən ardıcıl olaraq gündəmdə saxlanılan və sülh prosesinin qarşısında duran ən ciddi maneələrdən birinin aradan qaldırılması baxımından strateji əhəmiyyətə malikdir.

Birgə Bəyannamədə əksini tapan digər mühüm məsələ regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəa olub. Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı yeni infrastruktur layihəsinin həyata keçirilməsi qərara alınıb. ABŞ tərəfindən reallaşdırılacaq bu layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə təkcə iki bölgə arasında birbaşa əlaqə təmin etməklə kifayətlənməyəcək, həm də regionun iqtisadi inteqrasiyasına, ticarət həcminin artmasına və ümumi sabitliyin güclənməsinə töhfə verəcəkdir.

Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Bu sənədə əsasən, qarşıdakı altı ay ərzində iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet istiqamətləri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Bu təşəbbüs ikitərəfli münasibətlərin institusional əsasda möhkəmlənməsinə, qarşılıqlı maraqların daha da genişləndirilməsinə və gələcək əməkdaşlığın uzunmüddətli çərçivəsinin yaradılmasına xidmət edəcəkdir.

Vaşinqton səfərinin siyasi baxımdan ən əhəmiyyətli hadisələrindən biri ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması olub. Azərbaycan–ABŞ münasibətlərində uzun illər mənfi amil kimi qalan bu düzəlişin məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində ləğv edilməsi həm ikitərəfli münasibətlərdə yeni səhifənin açılması, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisi kimi dəyərləndirilir.

Səfər zamanı iqtisadi əməkdaşlıq istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın enerji nəhəngi ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd ənənəvi neft-qaz sahələrində, həmçinin qeyri-ənənəvi enerji imkanlarının dəyərləndirilməsi istiqamətində birgə layihələrin icrasını nəzərdə tutur. Memorandum iki şirkət arasında mövcud əməkdaşlığı daha da gücləndirəcək və enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan–Ermənistan sülh prosesində yeni və ümidverici mərhələnin başlanğıcını qoymaqla yanaşı, Azərbaycan–ABŞ münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsi və genişlənməsi üçün möhkəm zəmin yaradıb. İmzalanan sənədlər, əldə olunan razılaşmalar və qəbul edilən qərarlar Azərbaycan diplomatiyasının gücünü, dövlət başçısının uzaqgörən siyasi strategiyasını və ölkəmizin beynəlxalq arenadakı nüfuzunun əhəmiyyətli dərəcədə artmasını bir daha təsdiqləyib.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı

Seçilən
50
50
ikisahil.az

10Mənbələr