“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 avqust 2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatriyada Refleksoterapiya” layihəsinin icrasına başlayır.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi, "Uşaq hüquqları haqqında" qanuna uyğun olaraq, əlilliyi olan uşaqların müalicə və reabilitasiyasını gücləndirməkdir. Analara refleksoterapiya üzrə bilik verərək, uşaqlarına daha effektiv dəstək göstərmələrinə imkan yaradaraq onların sağlamlığını, inkişafını və sosial rifahını təmin etmək, bu sahədə davamlı müalicə imkanlarını artırmaqla uşaqların daha sağlam və güclü bir həyat sürməsini təmin etməkdir.
Layihə müddətində valideynlərə tibb mütəxəssisi tərəfindən 13 təlim keçiləcək və 3 praktik gün tətbiq olunacaq. Bu təlimlərdə analara refleksoterapiyanın prinsipləri, uşaq sağlamlığındakı əhəmiyyəti, istifadə olunan cihazlar, müxtəlif refleksoterapiya metodları və tətbiqi, habelə refleksoterapiya sonrası uşaqlardakı dəyişiklik mövzuları əhatə olunacaq. Eyni zamanda, uşaqlarda stresin, narahatlığın azaldılması, ağrının yüngülləşdirilməsi, immun sisteminin gücləndirilməsi, eləcə də müxtəlif meridianlar və su-djok terapiya haqqında ətraflı məlumatlar təqdim ediləcək.
Layihənin sonunda qiymətləndirmə aparılacaq və valideynlərin bilikləri yoxlanılacaq. Layihə 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək.