AZ

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir YENİLƏNİB

Xankəndi şəhərində Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinə başlanılıb. Proqramın əsas məqsədi türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetində keçirilən 7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şekerli çıxış edərək, yay məktəbinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Türkoloji Yay Məktəbi təkcə metodoloji və nəzəri biliklərin paylaşılması baxımından deyil, eyni zamanda, ortaq elmi mirasın qorunması, gələcək nəsillərə ötürülməsi və davamlı elmi əməkdaşlıq şəbəkələrinin qurulması baxımdan önəmlidir.

Sonra professor Özgür Kasım Aydemirin “Türk dünyasında ortaq əlifba” mövzusunda məruzəsi dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, avqustun 17-dək davam edəcək yay məktəbi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edəcək. Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Yay məktəbi müddətində türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmaların bölüşülməsi, tədqiqat təcrübələrinin paylaşılması, eləcə də müvafiq mövzularda elmi diskussiyaların aparılması nəzərdə tutulur. Bu tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edir.

Yay məktəbinin Xankəndi şəhərində keçirilməsi, Qarabağ Universitetinin müəllim və doktorantlarının da proqramda təmsil olunması 7-ci dəfə təşkil olunan tədbirə xüsusi dəyər qatır.

Qarabağ Universiteti gələcəkdə də Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə birgə layihələr həyata keçirilməsi, ortaq irsin araşdırılması və türk birliyinin güclənməsinə töhfə verən milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi istiqamətlərində mühüm təşəbbüslərə imza atmağı planlaşdırır.

Yay məktəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil olunub.

Seçilən
122
8
azerbaijan-news.az

9Mənbələr