AZ

Azərbaycan ABŞ münasibətlərində yeni era: regionun gələcəyi, yeni infrastruktur

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli toplantı Cənubi Qafqazın gələcək inkişafı üçün əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan bu görüş, uzun müddət davam edən Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dair siyasi iradənin nümayişi baxımından xüsusi önəm daşıyır. Toplantı zamanı tərəflər diplomatik əlaqələrin bərpası, ərazi bütövlüyünün qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılığa gəldilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov diqqətə çatdırıb ki, görüşdə əldə edilən ən diqqətçəkən nəticələrdən biri “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlanan strateji nəqliyyat və infrastruktur dəhlizinin yaradılması oldu. Bu marşrut Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək və regionun iqtisadiyyatına, logistikasına və rabitə imkanlarına köklü təsir göstərəcək. Layihə yalnız avtomobil və dəmir yolundan ibarət olmayacaq, həmçinin enerji ötürmə xətləri, fiber-optik əlaqə və digər müasir infrastruktur komponentlərini əhatə edəcək:

"Bundan əlavə, görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması mühüm siyasi qərar kimi qəbul edildi. İllərlə bölgədə vasitəçilik missiyası həyata keçirən bu qurum, real nəticələr əldə edə bilmədiyindən hər iki ölkə tərəfindən funksiyasını itirmiş sayıldı. Həmçinin, Birgə Bəyannamə çərçivəsində ABŞ və Azərbaycan arasında energetika, texnologiya, ticarət, infrastruktur və süni intellekt sahələrində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalandı. Bu əməkdaşlıq təkcə iqtisadi tərəqqiyə deyil, həm də təhlükəsizlik, innovasiya və regionda sabitliyin güclənməsinə xidmət edir".

Azər Allah verənov: Azərbaycan ilə ABŞ arasında yaranan yeni siyasi mühit gələcək əməkdaşlıq üçün geniş imkanlar açır

Deputat əlavə edib ki, bu görüş yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün deyil, həm də ABŞ-Azərbaycan əlaqələrinin yeni keyfiyyət mərhələsinə keçməsi üçün əhəmiyyətli addımdır. Deputat xüsusilə ABŞ Konqresində uzun müddət qüvvədə olan 907-ci düzəlişin ləğvini bu prosesin ən önəmli siyasi nailiyyətlərindən biri kimi dəyərləndirir. 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırırdı. Bu qərar Birinci Qarabağ müharibəsi zamanı qəbul olunaraq iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərmişdi. İllər ərzində bu məhdudiyyət yalnız iqtisadi əməkdaşlığa deyil, həm də təhlükəsizlik və müdafiə sahələrində tərəfdaşlıq imkanlarının genişlənməsinə mane olurdu. Onun ləğvi isə ABŞ-ın Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etmək niyyətinin real ifadəsidir.

"Hesab edirəm ki, üçtərəfli görüşdən sonra Azərbaycan ilə ABŞ arasında yaranan yeni siyasi mühit gələcək əməkdaşlıq üçün geniş imkanlar açır. Fikrimcə, artıq mediada bu görüşlə bağlı yayılan fikirlər əsasən müsbət xarakter daşıyır və bu, tərəflərin regionda davamlı sülh istiqamətində iradəsini göstərir. Proseslər yalnız diplomatik əlaqələrin bərpası ilə məhdudlaşmır, eyni zamanda iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya infrastrukturlarının modernləşdirilməsi kimi sahələrdə böyük perspektivlər vəd edir. Vaşinqton görüşü Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır. Bu görüşün nəticələri həm Azərbaycan, həm də Ermənistan üçün regional və beynəlxalq münasibətlər sistemində daha əlverişli mövqelər yaradacaq. Qəbul edilmiş tarixi qərarlar yaxın gələcəkdə regionun iqtisadi və siyasi xəritəsini köklü şəkildə dəyişmək potensialına malikdir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
4
bakivaxti.az

10Mənbələr