AZ

BMU-İNHA İDP-yə qəbul üçün imtahanlar keçirilib - FOTOLAR

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə ali təhsilin bakalavriat səviyyəsində qəbul üçün daxili imtahanlar keçirilib. 

"Unikal" xəbər verir ki, BMU və İNHA Universitetinin birgə gerçəkləşdirdiyi daxili imtahanlar 2 hissədən ibarət təşkil olunub və ümumilikdə 2 saat müddətində (riyaziyyat, fizika fənləri üzrə 1 saat, ingilis dili üzrə 1 saat) davam edib. Riyaziyyat fənni üzrə 12, fizika üzrə 8, ingilis dili üzrə isə (dinləmə daxil) 30 test sualı ayrılıb.

İmtahanların şəffaf, obyektiv və qərəzsiz keçirilməsinin təmin olunması  məqsədilə hərtərəfli şərait yaradılıb. İmtahan prosesinə İNHA Universitetinin 9 nəfərdən ibarət nümayəndə heyəti ilə yanaşı, BMU-nun 10-a yaxın əməkdaşı cəlb edilib. İmtahanların gedişatına BMU-nun rektoru Yaqub Piriyev, BMU-İNHA İDP-nin rəhbər heyəti baxış keçiriblər.

 Tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramına bu il üçün 100 nəfərin (hər ixtisas üzrə 25 nəfər) qəbulu planlaşdırılıb. BMU-İNHA İDP-yə daxili qəbul imtahanında iştirak məqsədilə 350-dən çox abituriyent qeydiyyatdan keçib. İştirakını təsdiqləyərək imtahana qatılanların 181 nəfəri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarından 500-dən çox bal toplayan tələbələr olub. Onlardan 39 nəfəri 600-700, 142 nəfəri 500-600, 99 nəfəri isə 400-500 bal aralığında nəticə göstərib. 

Daxili imtahanların nəticələrinin 15 avqust 2025-ci il tarixində açıqlanması planlaşdırılır.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

 

 

Seçilən
82
9
unikal.az

10Mənbələr