AZ

"Mübariz Göyüşlü:" Dirijor Moskvadadır, icraçılar Ermənistanda"

“Hesab edirəm ki, bu görüş çox faydalı bir prosesdir və uzun illər iki dövlət, iki xalq arasında davam edən münaqişə və müharibəyə birdəfəlik son qoymaq üçün gözəl bir fürsətdir. Ümumiyyətlə, regionda sülh və sabitliyin yaranması üçün bu, mühüm imkandır. Ermənistanın daxili siyasi mühitinə gəldikdə isə, burada vəziyyət kifayət qədər gərgin görünür. Hakimiyyət daxilində daxili ziddiyyətlər, bəzi məqamlarda isə xaos müşahidə olunur. Siyasi müxalifət, dini müxalifət, radikal müxalifət, hətta hərbi müxalifət belə bu proseslərin əleyhinədir və narazılıq nümayiş etdirir. Onların hamısını ümumi olaraq revanşist qüvvələr kimi xarakterizə etmək olar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik və silahlı münaqişə indi yeni bir mərhələyə qədəm qoyur. Vaşinqtonda əldə olunan razılaşma tərəflər arasında dialoqun intensivləşməsinə, qarşılıqlı etimadın formalaşmasına və regionda uzunmüddətli sülhün təmin olunmasına dair mühüm ümidlər yaradıb. Bu razılaşma, eyni zamanda, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və yeni geosiyasi reallıqların formalaşması baxımından da əhəmiyyətli addım kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, hazırda Ermənistanda seçkiyə hazırlıq gedir və bəzi qüvvələr seçkiyə qədər antikonstitusion yolla hakimiyyəti devirməyə cəhd göstərə bilərlər.

“Əgər bu baş tutmasa, seçkilərdə hakimiyyət dəyişikliyi əldə etməyi planlaşdırırlar. Bu niyyətlərini də gizlətmirlər. Həbsdə olan, Rusiyaya meyilli oliqarxın ətrafında toplananlar, keçmiş prezident və müharibə cinayətkarı Robert Köçəryanın verdiyi açıqlamalar da bu proseslərə qoşulmaq istəklərini göstərir. Eyni zamanda, keşiş libaslı radikal siyasətçilər — başda Ermənistan Apostol Kilsəsinin katolikosu Qaregin olmaqla — bu proseslərin əleyhinədirlər. Amerikaya səfəri ilə bağlı ictimaiyyətə məlumat verilməməsi diqqət çəkir. Bu, hansı addımların atıldığını və hansı məqsədlərin güdüldüyünü sual altına qoyur. Bütün bunlar Ermənistan daxilində ciddi narazılığın və Paşinyanı devirməyə yönəlmiş vahid mövqenin göstəricisidir. Bu prosesi dayandırmaq üçün israrlıdırlar. “Dirijor” Moskvadadır, icraçılar isə Ermənistandakı revanşist qüvvələrdir. Gedişat isə kimin haqlı, kimin qalib, kimin doğru olduğunu göstərəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
38
50
aznews.az

10Mənbələr