AZ

Konstitusiya dəyişikliyi üçün Ermənistanın vaxt limiti daralır...


Məlum həqiqətdir ki, hazırkı Ermənistan konstitusiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan hesab edir ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişinin imzalanması mümkünsüz hesab olunur.

Xatırladaq ki, Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib. Belə vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması mümkün hesab olunmur. Məsələyə toxunan prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində qeyd edib ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”. Azərbaycanın Ermənistandan konstitusiyasını dəyişməyi tələb etməsi tamamilə haqlı yanaşmadır. Çünki sülh sazişi hazırki hakimiyyətlə deyil, Ermənistan dövləti ilə imzalanır.

Gələcəkdə hər hansı Ermənistan lideri sülh sazişinin konstitusiyaya zidd olduğunu önə sürə, yenidən ərazi iddiları irəli sürmək fikrinə düşə bilər. Ona görə də Ermənistanın baş qanununda dəyişikliklər edilməsi tamamilə haqlı xarakter daşıyır.

O daf faktdır ki, konstitusiya dəyişikliyi məsələsini ləngitmək ABŞ-a və sülh üçün mütərəqqi addımlar atan Donald Trampa hörmətsizlik kimi qəbul ediləcək. Milli Məclisin deputatı Müşfiq Cəfərov da qeyd edir ki, sülh sazişinin imzalanmasına maneə olan başlıca amil Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarının olmasıdır: “ Azərbaycan rəsmi olaraq bəyan edib ki, bu işğalçılıq siyasətini ehtiva edən bəndlər konstitusiyadan çıxarılmayanadək sülh müqaviləsinin imzalanması real deyil. Azərbaycan prezidenti İlham Əliyev hər zaman sülh sənədinin imzalanması üçün əsas şərtlərdən birincisi olaraq Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Prinsipial mövqe ondan ibarətdir ki, Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmayınca, sülh sazişinin imzalanması mümkün deyil. Əslində bu, beynəlxalq hüquqa əsaslanan mövqedir. Azərbaycan prezidenti Vaşinqton görüşünün yekunları ilə bağlı yerli mediaya müsahibəsində bir daha bu məsələyə diqqət çəkdi. Ermənistan da artıq konstitusiyasına dəyişiklik məsələsini yubatmamalıdır. Əks təqdirdə bu, ilk növbədə, ABŞ-a və şəxsən prezident Donald Trampa hörmətsizlik olacaq”. Azərbaycanın şərtlərinin isə ABŞ tərəfindən də qəbul edilməsi, bu ölkənin vasitəçi olması o deməkdir ki, Ermənistan bundan sonra üzərinə götürdüyü öhdəliklərlə bağlı hər hansı manipulyativ cəhdlər etsə, bu, Ermənistan üçün daha ciddi problemlər doğura bilər. onu da qeyd edək ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Ermənistan konstitusiyasının dəyişdirilməsi konkret qeyd olunmasa da, fərqli formada öz əksini tapır. Bəyannamədə qeyd olunur: “Biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra sülh üçün imzalar atılacaq. Vaşinqtonda konstitusiyanın dəyişdirilməsi öhdəliyini götürən Ermənistanın yekun sülh sazişi üçün yeganə yolu Azərbaycanın bu tələbini icra etməkdir. Rəsmi İrəvan konstitusiya dəyişikliyini nə qədər tez həyata keçirsə, yekun sülh sazişi də bir o qədər tez imzalanacaq və regiona sülh gələcək. Bundan ən çox yararlanan tərəflərdən biri isə məhz Ermənistan özü olacaq.

Nahid SALAYEV

Seçilən
58
16
baki-xeber.com

10Mənbələr