AZ

Sülh, sabitlik və rifah - Cənubi Qafqazın yeni reallığı

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Ağ Evdə, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə regiona üç onillikdən sonra sülh, sabitlik və firavanlıq gətirəcək tarixi sənəd - üçtərəfli Birgə Bəyannamə imzalandı. Bu sənədin özü qədər Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi deməkdir. 

Tramp qeyd edir ki, bir çox dövlət, təşkilat, rəhbər bu iki ölkə arasında sülhə nail olunmasına çalışıb: ATƏT, Avropa İttifaqı, "yuxulu" Bayden. Ancaq heç bir dövlət, qurum, heç bir Ağ Ev rəhbəri bu sülhdə vasitəçi olmağa və bunu həqiqətən gerçəkləşdirməyə nail ola bilməyiblər.

Buna diqqət çəkən Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbycan" qəzetinə açıqlamasında bildirib ki, görüşdə mühüm məqamlardan biri Prezident Trampın bu sülhə nail olunmasında oynadığı böyük rolun və dəstəyin qarşılığında ona ehtiram əlaməti olaraq, "Nobel Sülh Mükafatı"na namizəd kimi göstərilməsi oldu. Dövlət başçımızın təklifi əsasında Ermənistanla birgə mükafat komitəsinə müvafiq məktubun ünvanlanacağı bəyan edildi: "Ən mühüm məqam isə odur ki, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" artıq xarici işlər nazirləri səviyyəsində paraflanıb. Bu, mətn üzərində razılığın əldə olunması deməkdir, lakin imzalanma və ratifikasiya hələ qarşıdadır. Yəni sənəd hələ hüquqi qüvvə qazanmayıb, amma prosesdə dönüş nöqtəsidir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Birgə Bəyannamənin arxasında dayanması, ABŞ Prezidentinin isə buna şahidlik etməsi beynəlxalq legitimlik baxımından tarixi dönüş nöqtəsi idi", - deyə o bildirib. 

Deputat qeyd edib ki, iki ölkənin ATƏT-ə birgə müraciət etməsi 30 ildən artıq davam etmiş, lakin real nəticə verməmiş vasitəçilik mexanizminin rəsmi olaraq sona çatması deməkdir. Bu, çox böyük diplomatik irəliləyişdir. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi xüsusi vurğulanır. Bu isə Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi açılacaqdır" diktəsinin reallaşması deməkdir. Zəngəzur yolunun maneəsiz keçid olaraq açılması və dünya lideri Trampın bu yola "qarant" olması 3 ölkə, region üçün, hətta Asiya və Avropa üçün yeni dividendlər gətirəcək. 

P.Vəliyeva vurğulayıb ki, Birgə Bəyannamə ilk növbədə qarşılıqlı fayda prinsipinə əsaslanır, bu isə hər iki tərəfin siyasi cəhətdən qəbul edə biləcəyi formul kimi görünür: "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlı bağlantı layihəsi yeni diplomatik brenddir, adın birbaşa Donald Tramp ilə bağlanması onun prosesdə "zəmanətçi" olmasını simvolizə edir. Hesab edirəm ki, bu həm siyasi, həm də infrastruktur xarakterli nəhəng bir layihədir və iqtisadi cəhətdən çox böyük potensiala malikdir. İlk növbədə Azərbaycan xalqının sosial müdafiəsinin möhkəmləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bəyannamə beynəlxalq sərhədlərin toxunulmazlığı, güc tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi kimi prinsipləri qəbul edir. Bu isə sülh gündəliyinin müəllifi Prezident İlham Əliyevin Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərdən biridir. Bu prinsiplər bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılmasıdır. Sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlanıb və bunu erməni mətbuatı da təsdiqləyir".

Deputat bildirib ki, Birgə Bəyannamə həm revanşist yanaşmaların qarşısını almağa yönəlmiş siyasi mesajdır, həm də gələcəkdə sülhün davamlılığı üçün möhkəm baza yaradır. Qarabağdan köçmüş ermənilərin geri qayıdışına gəlincə, bu haqda oval ofisdə bir jurnalist tərəfindən ünvanlanan suala Paşinyan mikrofonu yandırsa da, həmin sualı cavabsız qoyub. Bu, o deməkdir ki, bu məsələ sülhün bir komponenti və müzakirə mövzusu deyil. 2023-cü il antiterror əməliyyatına qədər Ermənistan sülh müqaviləsinin layihəsinə Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını təkid edirdi. Azərbaycan isə bu məsələdə prinsipial olaraq vurğulayırdı ki, ölkənin daxili məsələsi dövlətlərarası sənədin subyekti ola bilməz. Diktə edilən qəbul edildi.

Tərəflərin bu görüşün möhkəm təməl yaratdığına əmin olduğunu bəyan etdiyini deyən deputat əlavə edib ki, ölkə rəhbərinin Donald Trampa uzun illərdir ki, ədalətli sülhü gözləyən Azərbaycan xalqı adından təşəkkürü də əlamətdar oldu: "Vaşinqton bu mərhələdə yalnız vasitəçi deyil, həm də prosesin uğuruna siyasi kapital qoyan tərəf mövqeyindədir. Bu həm də ABŞ-nin Cənubi Qafqaz siyasətində yeni fəallıq mərhələsinin başlanğıcını qoydu". 

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
82
3
azerbaijan-news.az

10Mənbələr