AZ

Ayaq barmaqları arasındakı nəmli mühit yüzlərlə növ mikrob üçün ideal yerdir - ARAŞDIRMA

Mütəxəssislərin sözlərinə görə, ayaq barmaqları arasındakı sahə isti və nəmli mühitə görə mikroblar üçün ideal yaşam yeridir. Ayaqların dərisində hər kvadrat santimetrdə 100-dən 10 milyona qədər mikrob hüceyrəsi, o cümlədən bakteriya və göbələklər mövcuddur.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, araşdırmalara görə, ayaqlar bədənin digər hissələrinə nisbətən daha çox göbələk növünə sahibdir. Corablar bu mikroorqanizmlərin əsas daşıyıcısına çevrilir. Onlarda zərərsiz bakteriyalarla yanaşı, Aspergillus, Staphylococcus, Candida, Histoplasma və Cryptococcus kimi potensial təhlükəli patogenlər də aşkarlanır. Mikroblar tər və ölü dəri hüceyrələri ilə qidalanır, onların maddələr mübadiləsi məhsulları isə tərli qoxuya səbəb olur. Corablar, həmçinin ətraf mühitdən – torpaq, toz, ev heyvanları və ictimai yerlərdən mikroblar toplayır. Cəmi 12 saat geyilmiş corabların, digər geyim əşyalarına nisbətən, ən yüksək bakteriya və göbələk yükünə malik olduğu müəyyən edilib.

Mütəxəssislər xəbərdarlıq edir ki, corablar “Tinea pedis” (atlet ayağı) kimi yoluxucu göbələk infeksiyalarının yayılmasında mühüm rol oynayır. Qarşısını almaq üçün ayaqların hər gün yuyulub qurudulması, ortaq yerlərdə ayaqyalın gəzməmək və hər gün təmiz corab geyinmək tövsiyə olunur. Corabların yuyulması zamanı gigiyena qaydaları da önəmlidir. 30-40°C-də yuma kifayət etmir; mikrobların çoxunu məhv etmək üçün 60°C-də yuma və ya buxarla ütüləmək tövsiyə edilir. Pambıq corablar yüksək temperatura daha yaxşı dözdüyü üçün göbələk infeksiyasına meyilli şəxslər üçün daha uyğundur. Maraqlıdır ki, corabların “mikrob izi” məhkəmə araşdırmalarında da istifadə olunur. ABŞ-da aparılan bir istintaqda, corabda tapılan torpaq bakteriyaları cinayət yerini müəyyənləşdirməkdə mühüm dəlil olub. Mütəxəssislər vurğulayırlar ki, ayaq gigiyenası yalnız şəxsi sağlamlıq üçün deyil, həm də ictimai sağlamlıq və infeksiyaların qarşısının alınması baxımından vacibdir.

Seçilən
6
2
yeniazerbaycan.com

3Mənbələr