Qanunvericiliyə əsasən, bələdiyyə orqanları mülki-hüquq münasibətlərində digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bəs bələdiyyə orqanlarının işçiləri ilə əmək münasibətlərində, eləcə də gündəlik təsərrüfat əməliyyatlarında vergilərlə bağlı hansı məqamlar var? Bələdiyyələr bank hesablarından pul vəsaitlərini nağdlaşdırdıqları zaman onlardan 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmalıdırmı? Bələdiyyə orqanında çalışan işçilərin əməkhaqlarından vergi tutulmaları hansı dərəcə ilə həyata keçirilməlidir?
Mövzu ilə bağlı “vergiler.az”ın suallarına vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 220.12-ci maddəsində göstərilib ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması ilə bağlı olan həmin müddəa hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da bələdiyyələrə şamil edilmir. Doğrudur, maddənin özündə birbaşa belə bir istisna yoxdur, bununla belə, istisna qanunçuluğun özündə gizlənir. Belə ki, qanunla gəlirləri vergidən azad olunan və özü vergiyığma orqanı sayılan qurumdan, yəni bələdiyyələrdən ödəmə mənbəyində vergi tutulması halı istisna edilib.
İkinci məqama gəlincə, bələdiyyə işçilərinin əməkhaqlarından vergi tutulmaları Vergi Məcəlləsinin 101-ci və həmin maddənin tətbiqi məqsədləri üçün qəbul edilmiş Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 saylı Qərarı ilə tənzimlənir. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Qərarda qeyd olunub ki, dövlətdən maliyyəşən qurumlar qeyri-dövlət sektoru sayılmır və deməli, güzəştli dərəcələr onlara tətbiq edilmir.
Bələdiyyələrlə bağlı normativ hüquqi aktlara və real vəziyyətə baxdıqda açıq şəkildə görürük ki, bələdiyyə orqanlarına da vaxtaşırı dövlət büdcəsindən vəsaitlər ayrılır. Bununla belə, bələdiyyə orqanı payları hər hansı dərəcədə dövlətə məxsus olan dövlət orqanı olmayıb Azərbaycan Respublikasının Konstitusiyası ilə yerli özünüidarəetmənin təşkili formasıdır. Bələdiyyəyə maliyyə vəsaitinin ayrılması, sadəcə, dövlət dəstəyi xarakteri daşıyır.
Qeyd edilən səbəblərlə əlaqədar bələdiyyə dövlət sektoru hesab edilmir və güzəştli dərəcələr onlara da aid edilir. Deməli, bələdiyyə qulluqçusunun əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi ilə hesablanmalıdır.
Misal: Bakı şəhəri, Nizami Rayon Bələdiyyəsinin bələdiyyə qulluqçusu Qurban Əliyev (ad şərtidir) 750 manat əməkhaqqı alır. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, aylıq gəliri 8.000 manatı aşmadığı üçün ondan 0 dərəcə ilə vergi tutulacaq. Bu o deməkdir ki, həmin gəlirlərdən vergi tutulmayacaq. Lakin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri tutulacaq:
Əmək haqqı : 750 manat;
Vergi tutulması : 0 manat;
MDSS : 6 + (750 - 200) x 10%) = 61 manat;
İşsizlikdən sığorta haqqı : 750 x 0.5% = 3.75 manat;
İcbari tibbi sığorta : 750 x 2% = 15 manat.
Yekun məbləğ: 750 – (61 + 3.75 + 15) = 670.25 manat.
Deməli, Qurban Əliyevin əməkhaqqısı 670.25 manat olacaq.