LƏNKƏRAN, 12 avqust. TELEQRAF
Lənkəranda 2 nömrəli tam orta məktəbin qəzalı vəziyyətə görə ibtidai təhsil məktəbinə çevrilməsi və yuxarı sinif şagirdlərinin 10 nömrəli məktəbə köçürülməsi ilə bağlı valideynlər narazılıq edirlər.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qarşıdan gələn tədris ilindən etibarən 2 nömrəli məktəbdə yalnız ibtidai siniflər fəaliyyət göstərəcək.
Yuxarı sinif şagirdləri isə məsafəcə daha uzaqda yerləşən və özü də qəzalı vəziyyətdə olduğu bildirilən 10 nömrəli tam orta məktəbə yönləndiriləcək.
Bu qərara etiraz edən yüzlərlə valideyn və müəllim bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) qarşısına toplaşaraq tələblərini səsləndiriblər. Onlar övladlarının təhlükəsiz və əlçatan məktəbdə təhsil almasını, 2 nömrəli məktəbin isə əvvəlki kimi tam orta məktəb kimi fəaliyyətini davam etdirməsini istəyirlər.
Hazırda LARTİ qarşısında etiraz aksiyası davam edir.