AZ

Bu yovşanabənzər bitkidən ehtiyatlı olun – TƏHLÜKƏLİDİR

Yovşanyarpaqlı ambroziya, başqa adla tanrıların seçimi kimi tanınan bitkinin hazırda çiçəklənmə dövrüdür. Yunan tanrılarına etibar etməyin, düşünməyin ki, onlar kimi bitkinin nektarını içib əbədi yaşaya bilərsiniz. Əksinə, bu bitki göründüyü kimi tanrılara xidmət edir, bəndələrə deyil.
 

Belə ki, çiçəklənmə zamanı ambroziyanın tozcuqları yüksək allergik reaksiyalara səbəb olur: gözyaşardıcı xüsusiyyəti var, görmə qabiliyyətini pozur, bədənin hərarətini artırır, tənəffüs yollarının selikli qişalarının şiddətli iltihabına və astma tutmalarına səbəb olur.


Yovşanyarpaqlı ambroziyanın tozcuqları küləklə uzaq məsafələrə yayılır. Yəni onun bitmədiyi yerlərdə də allergik insanlar ehtiyatlı olmalıdırlar. Onun tozcuqlarında 22 allergen müəyyən edilib ki, onlardan 6-sı daha təhlükəli sayılır.
 

Xəstələr çölə çıxarkən bunu nəzərə almalıdırlar. Mümkünsə, maska və eynəkdən istifadə etsinlər. Çöldən evə qayıdarkən duş qəbul edilməli, geyinilmiş paltarlar hər gün yuyulmalıdır.


Paltarları evdə qurutmaq tövsiyə olunur, çünki tozcuqlar paltarlara yapışa bilər.

Məlumat üçün bildirək ki, yovşanyarpaqlı ambroziya astrakimilər fəsiləsinə aid birillik ot bitkisidir.

Xarici görünüşü bir qədər çətənə və yovşanı xatırladır. Bitkinin hündürlüyü 20-180 sm, əlverişli şəraitdə isə 2-2,5 m-ə çatır.
 

Avropada bu bitki 1860-cı ildən müşahidə olunub və Amerikadan gətirilmiş yonca toxumları vasitəsilə yayıldığı ehtimal edilir. 1873-cü ildə Almaniyada, 1918-ci ildə Rusiyada, 1925-ci ildə Ukraynada aşkar edilib.


1997-ci ildə isə Türkiyədə ilk dəfə Trabzonda, daha sonra isə Qara dəniz bölgəsində müşahidə olunub.

Azərbaycanda isə təhlükəli ambroziyaya 1962-ci ildə Balakən rayonu ərazisində rast gəlinib.
 

Yovşanyarpaqlı ambroziya əsasən külək, kənd təsərrüfatı ləvazimatları, toxum materialı, zibil tullantıları, nəqliyyat vasitələri və digər amillərlə yayılır.


Bitkinin çiçəklənməsi avqustda, toxumların yetişməsi isə sentyabr-oktyabr aylarında baş verir.
 

Yovşanyarpaqlı ambroziya bəzi tarla bitkilərinə (dənli bitkilər, qarğıdalı, günəbaxan, yerkökü, çuğundur və s.), çəmənliklərə, otlaqlara, meyvə və üzüm bağlarına zərər vurur.


Ambroziya heyvandarlıq üçün də təhlükəlidir. Belə ki, ambroziyanın qalıqları ilə qarışmış yemlə qidalanmış heyvanın əti, südü acı dad və xoşagəlməz iy verir.

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
60
bizim.media

1Mənbələr