Futbol üzrə İtaliya millisinin və “Napoli”nin hücumçusu Cakomo Raspadori bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniya klubu bu transfer üçün “Napoli”yə 22 milyon avro ödəyib. 25 yaşlı italiyalı hücumçu ilə 5 illik (2030-cu ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Cakomo Raspadori İtaliyanın “Sassuolo” klubunun yetirməsidir. “Napoli” onu 2022-ci ilin yayında satınalma şərti ilə icarəyə götürmüşdü. Neapol klubu həmin vaxt onun icarəsi üçün 5 milyon, birdəfəlik transferi üçün isə 28 milyon avro ödəmişdi.
Raspadori “Napoli”nin heyətində bütövlükdə 109 oyun keçirib, 18 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Onun “Sassuolo” karyerası da 82 oyun, 18 qol və 9 assistdən ibarətdir.
Raspadori 2021-ci ilin iyun ayında debüt etdiyi İtaliyanın əsas yığmasında da 40 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı italiyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

