12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində gənclər üçün yaradılmış kiçik təsərrüfatlara infotur təşkil edib.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
İnfotur zamanı Nazirlik yanında İctimai Şuranın üzvləri və gənclərlə bağlı QHT rəhbərləri bu proqram üzrə aktivlərlə təmin edilməklə gənclərimizdən Emil Əliyev üçün yaradılmış bərbərxana və Rinat Quliyev üçün qurulmuş avtoyağlama xidmət sahələri ilə tanış olublar.
Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə aktiv məşğuluq tədbirlərinin hədəflərindən birinin də gənclərin məşğulluğunun təminatı olduğunu qeyd edib.
Bildirilib ki, görülən işlərin davamı olaraq cari ilin 7 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 36,4 min gənc işlə təmin olunub. Həmçinin qeyd edilən dövrdə qurum 4 mindən çox gənci müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edib, əsasən gənclərdən ibarət 152 min nəfərə isə peşə və ixtisas seçimlərinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətləri göstərib.
Gənclərin də kiçik biznesə çıxışının dəstəklənməsində özünüməşğulluq proqramının əhəmiyyəti vurğulanıb. Bu ilin yanvar-iyul aylarında daha 2 minə yaxın gəncin bu proqrama cəlb edildiyi bildirilib. Onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlərin də təşkil edildiyi, təlimləri bitirdikdən sonra biznes-planlarına uyğun aktivlərlə təmin edildikləri qeyd olunub.
Gənclərin məşğulluğuna dəstək yönümlü digər layihələr (“Gənclərin biznes emalatxanası”, “Biznesini Yarat Marafonu”, “Səyyar kofe evləri”, “İrəliləyİŞ” və s.) barədə də məlumat verilib.
Gənc proqram iştirakçıları işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasından razılıqılarını bildiriblər. Onlar öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını qeyd ediblər.





