“Prezidentin illər əvvəl verdiyi strateji tapşırıq da yadımızdadır: “Neft kapitalını insan kapitalına çevirmək...”
Aktuallığını nəzərə alıb tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Təhsildə təmir yox, keyfiyyət önəmlidir...” başlıqlı növbəti yazısını dəyərli Moderator.az oxucularına təqdim edirik:
“Bu gün bütün dünya “Zəngəzur dəhlizi”nin açılması və ABŞ təminatı ilə sülh müqaviləsinin imzalanmasını müzakirə edir. Xarici siyasətdə böyük uğurlar qazanmışıq. Amma ölkənin gələcəyi üçün ən vacib sahə — təhsil — hər il bir az da çökür. Təəssüf ki, bu haqda az danışırıq. Problemlər isə çoxdur...
Prezidentin illər əvvəl verdiyi strateji tapşırıq da yadımızdadır: “Neft kapitalını insan kapitalına çevirmək...”
Aradan 22 il keçdi, amma hələ də nəticə yoxdur. Günahkarlar kimdir?
Fənn Olimpiadaları həyəcan siqnalı verir...
Beynəlxalq Riyaziyyat Olimpiadasında ardıcıl ikinci ildir ki, çox biabırçı nəticə göstərdik. Bu, təkcə riyaziyyatın problemi deyil — təhsil sisteminin çürüməsinin göstəricisidir. Təhsil uzun illər düzgün idarə edilməyib, özbaşına buraxılıb. Bu sahədə ciddi şəkildə peşəkar kadr və maliyyə intizamı problemləri olub...
Nazir Emin Əmrullayev “düzgün suallar qoymaq” barədə danışır, amma heç bir real iş görmür. Verilən əməli təklifləri eşitməzliyə, görməzliyə vurur. Niyə?..
Daha yaxşı strategiyası varsa, buyursun, müzakirəyə versin.
5 ildir təhsil ictimaiyyəti gözləyir...
Boyalı divarlar, köhnə kitablar...
Universitetlər milyonlarla manatlıq təmir tenderləri keçirir (5, 10 milyon və daha çox). Amma təmir təhsilin keyfiyyətini artırmır. Pul daşa, divara yox, dərsliyə, müəllimə, elmə xərclənməlidir. Universitetin brendi belə yaranır, parlaq parketləri ilə yox…
Elm və Təhsil Nazirliyi cavab versin:
-Universitetlərin büdcəsinin neçə faizi elm və təhsilə, neçə faizi təmirə gedir?..
-500–1000 bakalavr, 150–500 magistr fənninin neçə faizi dərsliklə təmin olunub?
-Son 5 ildə neçə dərslik hazırlanıb, hansı mənbədən maliyyələşdirilib?
-Müəllimlərin ixtisasartırması üçün illik xərclər nə qədərdir?
-Elmi tədqiqat və innovasiyalara son 5 ildə nə qədər vəsait ayrılıb?
Təkliflər:
-Təmir-tikinti xərclərinin azaldılması;
-İctimai nəzarət mexanizmlərinin qurulması;
-Universitet daxili qrant sistemlərinin yaradılması;
-Keyfiyyətyönümlü büdcə planlaşdırması.
Universitetlərin beynəlxalq reytinqini artırmaq üçün əvvəlcə dərslik, müəllim və elmi mühit güclənməlidir. “QS” reytinqi üçün “məsləhət” xidmətlərinə pul səpələmək yox, real inkişaf proqramları qurmaq lazımdır…
Yeni yaranan reallıq ölkə qarşısında yeni məqsədlər, vəzilələr və problemlər qoyacaq. Onların səmərəli həlli təhsil problemlərinin həllindən keçir. Təhsilin indiki durumu isə, bu günkü və gələcək nəsil uşaqlara yalnız problem yarada bilər.
Keyfiyyətli insan kapitalının formalaşmasını hələ çox gözləməli olacağıq, deyəsən, belə getsə…”