AZ

Bu ovçuluq təsərrüfatındakı balıqlar kütləvi şəkildə tələf olur - FOTO

BİLƏSUVAR, 12 avqust. TELEQRAF

Biləsuvarda Mahmudçala ovçuluq təsərrüfatındakı balıqlar kütləvi şəkildə tələf olur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, son günlər təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması bu problemə yol açıb.

Nəticədə su-bataqlıq ərazisinin müxtəlif hissələrində quru adacıqlar əmələ gəlib, onların ətrafında isə çoxlu sayda tələf olmuş balıqlar üzə çıxmağa başlayıb.

Məlumata görə, suyun azalmasına səbəb onun başqa istiqamətə yönləndirilərək axıdılmasıdır. Bu səbəbdən ovçuluq təsərrüfatında yaranmış vəziyyət flora və faunaya ciddi zərər vurmaq təhlükəsi yaradır.

Məsələni təsərrüfatın müfəttişi Rahib Həsənov da təsdiqləyib. Onun sözlərinə görə, ovçuluq təsərrüfatına su əsasən Muğan kanalı vasitəsilə daxil olur və bu kanal həm də təsərrüfat əhəmiyyətlidir:

"Salyan Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən buradakı su Salyanın Şorsulu kəndi istiqamətinə yönləndirilib. Buna görə də suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Hazırda idarənin nümayəndəsi ilə suyun axınının qarşısının alınması istiqamətində danışıqlar aparılır", – deyə Rahib Həsənov bildirib.

Seçilən
109
teleqraf.com

1Mənbələr