Prezident İlham Əliyev Hicran Hüseynovanı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Ölkə.az H.Hüseynovanın dosyesini təqdim edir:
Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb.
1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb.
2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib.
Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçilib.
2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədridir. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib.
Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası - Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.
Həmidə İbrahimova