AZ

Zəngəzur dəhlizi - TRIPP bölgəmizə sərmayə, inkişaf və sabitlik gətirəcək

Hazırda beynəlxalq səviyyədə gedən ciddi geosiyasi proseslərin başlıca hədəfi yeni dünya düzəninin qurulmasıdır. Azərbaycan da istisna olmamaqla hər bir dövlət bu prosesdə yerini müəyyənləşdirmək istəyir.

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ lideri Donald Trampla keçirdiyi görüş, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar, iki ölkənin xarici işlər nazirlərinin "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflaması ölkəmizin hansı blokda yer aldığını dünyaya nümayiş etdirdi.
 

Azərbaycan torpaqları işğal altında olduğu dövrdə keçmiş "Dağlıq Qarabağ" problemini sülh və beynəlxalq hüquq çərçivəsində həll etməyə çox vaxt və səy göstərdi.


30 illik danışıqlar heç bir nəticə verməyəndə isə hər kəsə bəlli oldu ki, ATƏT-in Minsk qrupu vaxt uzatmaqla işğal faktını bizə qəbul etdirmək istəyir.

Belə olan halda Azərbaycan Prezidenti İlham Əliyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, torpaqlarımızın hərbi yolla azad edilməsi barədə qərar verdi.
 

44 günlük tarixi Zəfərlə və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi.


Adətən müharibə bitdikdən sonra sülh təklifi ilə məğlub ölkə müraciət edir. Lakin bunun əvəzinə Ermənistan tərəfindən müxtəlif revanşist bəyanatlar səsləndirildi.

Azərbaycan bu dəfə də bütün dünyaya bəyan etdi ki, Ermənistana sülh təklifi göndərib.

Ötən 5 ildə ölkəmiz bütün siyasi-diplomatik, həmçinin müxtəlif platformalardan istifadə edərək məsələnin həllinə çalışdı.

Buna baxmayaraq, sülh müqaviləsini imzalamaq mümkün olmurdu.

Səbəb regionumuzun iki böyük ölkəsi olan Rusiya və İranın qeyri-konstruktiv yol tutması idi.
 

Məsələn, məlumdur ki, 10 noyabr Bəyanatının 9-cu maddəsində Azərbaycanın əsas ərazisindən Ermənistanın Zəngəzur bölgəsi üzərindən Naxçıvana yolun açılması barədə razılıq əldə olunmuşdu və Rusiya bu yola öz sərhədçilərinin nəzarət etməsini istəyirdi.


İran isə bu dəhlizin hər hansı bir formada açılmasının əleyhinə idi. Guya bu dəhliz açılarsa, onun milli maraqlarına təhdid yaranacaq, Ermənistanın ərazi bütövlüyü və sərhədləri dəyişəcək. Bir sözlə, İran "bu, bizim qırmızı xəttimizdir" deyib durmuşdu.

Nəhayət, Azərbaycanla Ermənistan arasında "Qordi düyünü"nə çevrilən Zəngəzur dəhlizinin açılması avqustun 8-də Amerikada baş tutdu.

Prezident İlham Əliyev bununla bağlı mətbuata verdiyi bəyanatda  demişdir:
 

"Bu, həqiqətən, tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq.


Prezident Trampın düzgün qeyd etdiyi kimi, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq.

Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik.

Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik.
 

Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar.


Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq".

Amerikanın vasitəçiliyi ilə bu məsələnin həllində ciddi problem yaşanmadı.
 

Səbəbi çox sadədir: ABŞ hər iki tərəfin milli maraqlarını nəzərə alan təkliflə çıxış etmiş, daha Azərbaycanla Ermənistana öz şəxsi maraqlarını diktə etməmişdi.


Ona görə də təklif hər iki ölkə tərəfindən məmnuniyyətlə qəbul olundu. Bir də ki, ABŞ  regionumuza top-tüfənglə deyil, investisiya ilə gəlir, bölgənin inkişafına töhfə vermək istəyir.

Donald Tramp mətbuata verdiyi bəyanatda ABŞ-nin məramı barədə demişdir:

"Mənim üçün böyük şərəf doğuran məqam bu bəyanatda TRIPP, yəni "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun öz əksini tapmasıdır. Bu xüsusi tranzit ərazi vasitəsilə Azərbaycan Ermənistanın suverenliyinə qəti şəkildə hörmət çərçivəsində özünün Naxçıvan bölgəsinə tam çıxışını əldə edəcək.
 

Yəni bunun nəticəsində hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyan bu ərazidə birgə əməkdaşlıq mümkün olacaq. Ermənistan ABŞ ilə birlikdə bu dəhlizin inkişafı ilə bağlı xüsusi tərəfdaşlıq yaradır. Bu tərəfdaşlıq 99 illik olacaq və bizə vəd verilib ki, bu müddət uzadıla bilər.


Bəli, siz bizə söz verdiniz. Orada Amerika infrastruktur şirkətlərinin böyük layihələrlə məşğul olacağını gözləyirik. Onlar bu iki ölkədə çalışmağı arzulayır və bu işlərə böyük maliyyə vəsaiti ayıracaqlar. Bu, üç ölkəyə iqtisadi səmərə gətirəcək və vacib bir region üçün çox əhəmiyyətli xəbərdir".

TRIPP yolu ilə bağlı müqavilənin bağlanmasından ən çox məmnun qalan Ermənistan olmalıdır.
 

ABŞ-nin zəmanəti ilə bu razılaşma qonşu ölkəyə Rusiya və İran təhdidlərindən və Fransanın siyasi təzyiqlərindən sığortalanmağa imkan verəcək. Donald Tramp havayı yerə deməmişdi:



"Onlar müəyyən işlərə görə mənə zəng edə bilərlər". Bu, xüsusən Ermənistana xitabən edilən bir jest idi. Yəni Rusiya və İran sizə təzyiq göstərərsə, məni ara, lazımi tədbiri mən görəcəyəm.

Ermənistan baş nazirinin dəhlizlə bağlı sazişdən dolayı sevincini bütün dünya gördü.

Çünki bu razılaşma ilə Ermənistan dalan ölkə olmaqdan xilas olur, dünyaya açılır, üstəlik, Orta dəhliz kimi qlobal marşrutda tranzit ölkəyə çevrilir. Digər tərəfdən, Rusiya və İranın təzyiqlərindən yaxa qurtara biləcək. Çünki bu işin arxasında dünyanın supergücü olan ABŞ durur. Elə bu səbəbdən Nikol Paşinyan dəhlizin açılması üçün D.Trampa təşəkkür edərək demişdir:

"TRIPP yolu uzunmüddətli fayda gətirəcək strateji iqtisadi imkanlar açacaq.
 

Onun sayəsində infrastruktura sərmayələr, daha geniş regional bağlantılar təşviq olunacaq, münaqişənin həllində carçı kimi tanınan ABŞ rəhbərliyi ilə əməkdaşlıq güclənəcək.


Mən Ermənistan ilə Azərbaycan arasında vəziyyəti tam dəyişən nəticələrin əldə olunmasına görə Prezident Trampa və onun heyətinə təşəkkürümü bildirmək istəyirəm".

Prezident İlham Əliyev də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə olunan razılaşmanı əhəmiyyətli bir hadisə kimi dəyərləndirdi. Bunun baş tutmaması üçün müəyyən dairələrin qəsdən təxribat xarakterli bəyanatlar yaymasını da xüsusi vurğuladı.
 

Prezident həmin təxribatların dövlət başçıları səviyyəsində olduğunu bildirərək dedi ki, bizi Ermənistanın ərazisini işğal etmək niyyətində olmaqda günahlandırmaq istəyirdilər.


Halbuki ölkəmizin heç vaxt belə bir niyyəti olmayıb, əksinə, Azərbaycan sülh şəraitində Ermənistanla dəhliz məsələsində əməkdaşlıq etməyə çalışıb.
 

Zəngəzur dəhlizi (TRIPP) tək iki ölkə üçün fayda gətirməyəcək. Bu dəhlizin fəaliyyətə başlaması dünya ticarətində önəmli rol oynayan Orta dəhlizin yükdaşıma dövriyyəsini artıracaq, gələcəkdə dəhliz üzərindən Asiyadan Avropaya və geriyə yüklərin daşınmasında baş verə biləcək fasilələrin yaranmasının qarşısını alacaq.


TRIPP Azərbaycanın dünya üçün tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq, ölkəmizə əlavə siyasi və iqtisadi dividendlər qazandıracaq.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
9
1
bizim.media

2Mənbələr