AZ

Malayziyanın Su-30MKM döyüş təyyarələri “BrahMos-A” qanadlı raketləri ilə silahlandırıla bilər

Malayziya Hərbi Hava Qüvvələri (HHQ) Su-30MKM döyüş təyyarələrini “BrahMos-A” qanadlı raketlərini daşıya biləcək şəkildə təkmilləşdirməkdə maraqlıdır.

“Poliqon” “Indian Defence Research Wing” (IDRW) saytına istinadən xəbər verir ki, Malayziya HHQ bu məqsədlə Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti (HAL) şirkəti və “BrahMos” korporasiyası ilə ilkin danışıqlar aparır.

“BrahMos” gəmi əleyhinə raketinin havadan atılan versiyası olan “BrahMos-A”, hazırda yalnız Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarələrində quraşdırılıb. Bu raketin havadan atılan variantı, quru və dəniz variantları ilə müqayisədə təxminən 500 kiloqram yüngülləşdirilmiş daha yüngül bir gövdəyə malikdir.

IDRW saytının məlumatına görə, Malayziya HHQ artıq Su-30MKM-lərinin texniki xidmətini HAL-a həvalə etdiyi üçün 2.5 ton ağırlığındakı raketin inteqrasiyası ilə bağlı təyyarə gövdəsinin nə qədər gücləndirilməli olduğu və buna dair xərclər barədə məlumat istəyib. Vaxtikən Hindistan HHQ-yə məxsus Su-30MKI təyyarələrinin “BrahMos-A” raketinə uyğunlaşdırılması böyük struktur dəyişiklikləri tələb etmiş və HAL bu prosesi uğurla həyata keçirmişdir. Su-30MKI ilə Su-30MKM təyyarələri ortaq əsaslara malik olduğundan Malayziya HHQ də oxşar təkmilləşdirmələrə ehtiyac duyacaq.

Malayziya ilə Hindistan arasındakı danışıqlar davam etsə də, ekspertlər bu proqramın yekunlaşmasının bir neçə il çəkə biləcəyini bildirir. Çünki təyyarə və raketin inteqrasiyası geniş dəyişikliklər və testlər tələb edir.

Qeyd edək ki, hazırda Malayziya Hərbi Hava Qüvvələri 18 ədəd “Sukhoi” Su-30MKM döyüş təyyarəsini istismarında saxlayır.

Seçilən
3
poliqon.az

1Mənbələr