Bu yaxınlarda Çinin Nəqliyyat Nazirliyi yanında Dayanıqlı Nəqliyyat üzrə Qlobal İnnovasiya və Bilik Mərkəzi Pekində və Yunnan əyalətində Çin və Mərkəzi Asiya ölkələrinin nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsi və kommunikasiya sistemləri mövzusunda nəzəri və praktiki kurslar təşkil edib.
Hafta.az-ın yazdığına görə, 15 günlük təlimdə Özbəkistan, Qazaxıstan və Tacikistan da daxil olmaqla Mərkəzi Asiya ölkələrindən 14 dövlət rəsmisi və yüksək səviyyəli ekspertlər iştirak edib.
Kurs zamanı iştirakçılar bu sahədə əməkdaşlığı dərinləşdirməyə çalışan Çin müəssisələri ilə yaşıl və intellektual nəqliyyat texnologiyaları sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Özbəkistan Nəqliyyat Nazirliyinin nümayəndəsi Baxtinur Sindorovun sözlərinə görə, Çinin nəqliyyat sahəsində uğurlu təcrübəsi Özbəkistanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, xüsusilə yaşıl smart nəqliyyat və xidmət zonası sistemi kimi aspektlərdə çox faydalıdır. O, əlavə edib ki, süni intellekt və böyük verilənlər texnologiyalarının inteqrasiya olunmuş tətbiqi xüsusilə təsiredicidir.
Xatırladaq ki, dayanıqlı nəqliyyat sahəsində qlobal innovasiya və bilik mərkəzi 2022-ci ilin oktyabrında BMT-nin dəstəyi ilə Çin hökuməti tərəfindən təsis edilib.