AZ

Madonna Roma Papasını Qəzzaya səfər etməyə çağırıb

Amerikalı müğənni Madonna ictimaiyyətin diqqətini Qəzza zolağında uşaqların üzləşdiyi humanitar böhrana yönəldib və katolik kilsəsinin ruhani lideri və Vatikanın dövlət başçısı Papa XIV Leonu bölgəyə səfərə çağırıb.

“Siyasət vəziyyəti dəyişə bilməz, dəyişiklik yalnız maarifləndirmə yolu ilə mümkündür”, - Madonna X sosial şəbəkəsində yazıb və Papanın köməyinə ümid etdiyini bildirib.

Müğənni əmin olduğunu bildirib ki, Roma Papasının Qəzza zolağına səfərinin qarşısını heç kim ala bilməyəcək. "Xahiş edirəm, hələ vaxt var, Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünya uşaqları bizim övladlarımızdır, onlar hər birimizə aiddir", - Madonna qeyd edib.

O, Qəzza zolağında İsrailin mühasirəsində olan uşaqlara diqqət çəkib: "Günahsız uşaqları xilas etmək üçün humanitar dəhlizlər tam açılmalıdır. Vaxt daralır, lütfən, ora gedəcəyinizə söz verin".

Madonna qeyd edib ki, avqustun 12-də  onun oğlu Rokkonun ad günüdür. “Bir ana kimi inanıram ki, onun üçün ən yaxşı hədiyyə münaqişənin ortasında qalan günahsız uşaqları xilas etmək üçün hər kəsi mümkün olan hər şeyi etməyə çağırmaqdır”, - amerikalı müğənni bildirib.

Madonna tərəflərdən heç birini günahlandırmadığını və “münaqişədə” heç kimin mövqeyini dəstəkləmədiyini xüsusilə vurğulayıb. O, kömək etmək istəyən hər kəsi Amerika QHT-si Dünya Mərkəzi Mətbəxinə (WCK) və İsrailin "Qadınlar sülh uğrunda" təşəbbüsünə ianə verməyə çağırıb. Müğənni sonda deyib: "Hamı əziyyət çəkir. Tək məqsədim odur ki, bu uşaqlar acından ölməsin".

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr