AZ

ABŞ-la Azərbaycan arasında təhsil əlaqələri genişlənəcək - DEPUTAT

Son dövrlərdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin müsbət istiqamətdə inkişafı müşahidə olunur. İki ölkə arasında diplomatik əlaqələrin genişlənməsi müxtəlif sahələrdə, o cümlədən enerji, iqtisadiyyat və təhsil istiqamətində əməkdaşlığa yeni imkanlar yaradır. Xüsusilə təhsil sahəsində perspektivli layihələr və ortaq təşəbbüslər də diqqət mərkəzində qalmaqda davam edir.

Mütəxəssislər hesab edirlər ki, bu dinamika ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə ciddi töhfə verəcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, bugün dünyanın əksər aparıcı universitetləri ABŞ-da fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda müxtəlif dövlət proqramları vasitəsilə bir sıra azərbaycanlı gənclər təhsil almaq üçün ABŞ-a göndərilir.

Millət vəkili qeyd edib ki, ABŞ-Azərbaycan arasında əlaqələrin genişləndirilməsi təhsil sektoruna da mühüm töhfələr verəcək.

“Artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-da fəaliyyət göstərən bir universitetlə birgə layihəsi mövcuddur. Düşünürəm ki, digər yerli ali təhsil müəssisələrinin də ABŞ universitetləri ilə əlaqələri formalaşacaq”.

C.Məmmədov diqqətə çatdırıb ki, bu istiqamətdə atılacaq addımlar ümumi prosesə öz müsbət təsirini göstərəcək:

“Aydındır ki, Bayden administrasiyasına qədərki dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginliklər müşahidə olunurdu. Lakin artıq bu əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar yaranıb. Bu imkanlardan səmərəli istifadə olunmalı və Azərbaycan universitetləri ABŞ-la əlaqələrin qurulmasında, həmçinin inkişaf etdirilməsində maraqlı olmalıdır. Eləcə də, bunun üçün səylər göstərilməli, konkret addımlar atılmalıdır".

Deputat son olaraq onu da əlavə edib ki, hər iki ölkə arasında münasibətlərin inkişafı, xüsusilə təhsil sahəsində əməkdaşlıq, əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradacaq.

Seçilən
1
1
modern.az

2Mənbələr