Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var.
Bizim.Media xəbər verir ki, abonenti olduğu deyilən şəxsin adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanda 955 manat 16 qəpik borclarının olması ilə məbləğin alınacağı ilə bağlı xəbərdarlıq daxil olub.
Məbləğin məhkəmə qaydasında onlardan alınacağı bildirilib, lakin sözügedən ünvanda vətəndaşa məxsus ev yoxdur.
Xəbərdarlıqda bildirilir ki, “01.08.2025-ci il tarixinə Sizin istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə 955,16 manat son ödəniş tarixi keçmiş, ödənilməmiş borcunuz yaranmışdır.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və “Sudan İstifadə Qaydaları”nın 2.1.9.2 yarımbəndinə əsasən “Su təchizatı müəssisəsinin istehlakçiya verdiyi suyun həsabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir.
Əks halda, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir”.
Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcunuzun ödənilməsi tələb olunur.
Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir”.
Ev sahibinin qızı bildirir ki, borcdan və zənglərdən təngə gəliblər:
“Bizim adımıza olmayan, istifadə etmədiyimiz, yaşamadığımız bir evdə anamın adına 955.16 manat su borcu yığılıb.
Qəribə tərəfi isə budur ki, həmin ünvanı ADSEA işçiləri də axtarıb, tapa bilmirlər.
Zəngli danışıq zamanı mənə deyirlər ki, eviniz hardadır? deyirəm, axı mənim elə evim yoxdur, ünvanı da bilmirəm. Artıq bu borcun yaratdığı problemlərdən və narahatedici zənglərdən bezmişik”.
Məsələ ilə bağlı adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən lent.az-a bildirilib ki, problem Suraxanı Sukanal İdarəsi tərəfindən nəzarətə götürülüb. Abonentlə məsələ araşdırılacaq.
Bizim.Media