Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və “yaşıl enerji” zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda güçü 445 meqavat olacaq Günəş Elektrik Stansiyasının (GES) inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanmış və 4 iyun 2024-cü il tarixdə Ölkə Prezidenti cənab İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulmuşdur.
“İki sahil” xəbər verir ki, bu gün layihə çərçivəsində ilk günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanılması münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masdar şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.
İcra başçısı layihəni icra edən kollektivlə görüşü zamanı onları təbrik edərək, bu böyük layihənin həyata keçirilməsi nəticəsində rayonun enerji təminatında əhəmiyyətli irəliləyişin əldə olunacağını, alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib.
Faiq Qürbətov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası çərçivəsində həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də bərpaolunan enerji potensialından səmərəli istifadə olunmasına güclü imkan verəcək. Bu layihə təkcə rayonun deyil, bütövlükdə ölkənin “yaşıl enerji” siyasətinə uyğun olaraq, gələcək nəsillərə daha sağlam mühitin ötürülməsinə xidmət edəcək.
Tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş paneli dayağına imza ataraq işlərə start veriblər.
Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər.Eyni zamanda, Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.
Günəş Elektrik Stansiyası ölkədə bərpaolunan enerji istehsalının artırılmasına, enerji balansında təmiz enerji payının yüksəldilməsinə və “yaşıl enerji” siyasətinin inkişafına mühüm töhfə verəcəkdir.