AZ

Vaşinqton görüşü Cənubi Qafqaza sülh və sabitlik mərhələsi gətirəcək - Ekspert rəyi

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda nümayiş etdirdiyi liderlik xüsusilə diqqət çəkib. ABŞ Prezidenti Donald Tramp görüş zamanı göstərdiyi jest və mimikalarla, eyni zamanda, səmimi qonaqpərvərliyi ilə bunu təsdiqləyib. ABŞ-ın Vaşinqtondakı Oval ofisinin rəmzi açarının Azərbaycan Prezidentinə təqdim olunması çox az adama nəsib olan yüksək bir təltifdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Hüsaməddin İnaç ifadə edib.

O bildirib ki, ABŞ ilə Azərbaycan arasında müdafiə və əməkdaşlıq sazişi imzalanıb, ABŞ Konqresinin 907-ci düzəlişinin ləğv edilməsi qərara alınıb. Qərarın ardından Azərbaycan bundan sonra ABŞ tərəfindən heç bir silah və iqtisadi embarqoya məruz qalmayacaq. Bu, Azərbaycanın Cənubi Qafqazda regional gücə çevrilməsinə mühüm töhfə verəcək.

Hüsaməddin İnaçın sözlərinə görə, səfər çərçivəsində Zəngəzur dəhlizinin, yeni adı ilə “Tramp yolunun” ABŞ vasitəçiliyi ilə razılaşdırılması bölgədə geosiyasi mənzərəni dəyişdirəcək. Bu proses Azərbaycanın Rusiya ilə məsafə saxlamasına şərait yaratdığı kimi, eyni zamanda, İran və Çinlə müəyyən gərginliklərə səbəb ola bilər. Ancaq Türkiyənin Şuşa Bəyannaməsi ilə təmin etdiyi dəstək bu mənada mühüm balanslaşdırıcı faktor kimi çıxış edəcək.

Ekspertin fikrincə, bu mərhələdən sonra həm Ermənistan diasporunun, həm Fransanın, həm də ATƏT-in Minsk qrupunun bölgəyə təsiri azalacaq, manipulyasiya imkanları məhdudlaşdırılacaq. Bununla yanaşı, bəzi çətinliklərin də yarana biləcəyini qeyd edən İnaç bildirib ki, Ermənistan dəmir yolları 2036-cı ilə qədər Rusiyanın idarəçiliyindədir.

“Dəhlizin dəmir yolları ilə üst-üstə düşməsi potensial problem yarada bilər. Bundan başqa, Xəzər dənizinin istifadəsi ilə bağlı İran və Rusiyanın narazılıq yaratmaq ehtimalı da mövcuddur. Çin isə “Bir kəmər və bir yol” təşəbbüsündə Orta Dəhlizdən istifadə imkanlarının məhdudlaşdırılması halında narazılığını sərt şəkildə ifadə edə bilər”, - deyə Hüsaməddin İnaç vurğulayıb.

O hesab edir ki, bütün bu risklərə baxmayaraq, Azərbaycan bu kimi böhranları aşmaq gücünə sahibdir. “Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad etdiyi kimi, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı ilə də Qarabağı tam olaraq işğaldan azad etməyi bacardı və eyni zamanda, müdafiə sənayesini gücləndirir, təbii qaz və neft resurslarından səmərəli istifadə edir. Suriya ilə əldə edilən razılaşma isə Azərbaycanın Yaxın Şərqə açılaraq tədarükçü və satış bazarlarını şaxələndirməsi baxımından mühüm addımdır”, – deyə ekspert bildirib.

Azərbaycanın Türkiyə, Yaxın Şərq və Türk dünyası arasında mühüm körpü rolunu oynadığını diqqətə çatdıran Hüsaməddin İnaç əlavə edib: “ABŞ da bu prosesdə əhəmiyyətli tərəfdaş olacaq. Vaşinqton səfəri Cənubi Qafqaza sülh və sabitlik gətirmək baxımından böyük əhəmiyyət kəsb edir. Lakin regional oyunçuların da bu prosesə razılıq verməsi vacibdir. ABŞ-ın Ermənistan məsələsində daha diqqətli və balanslı siyasət yürütməsi lazımdır. Çünki ABŞ-da güclü erməni diasporu mövcuddur. Ədalətli idarəçilik və Zəngəzur dəhlizinin, yəni Tramp yolunun balanslı şəkildə işlədilməsi bölgədə davamlı sabitliyin əsasını təşkil edəcək”.

Seçilən
16
1
azertag.az

2Mənbələr