AZ

Azərbaycan Türkmənistanda Xəzərin problemlərinə həsr edilmiş konfransda təmsil olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 avqust, AZƏRTAC

Türkmənistanın Avaza kurort şəhərində “Xəzər - dostluq və sülh dənizi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, tədbirdə Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın diplomatik missiyalarının əməkdaşları, həmçinin beynəlxalq təşkilatların, o cümlədən BMT, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və ATƏT-in nümayəndələri iştirak ediblər.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun konfrans iştirakçılarına müraciətində qeyd olunub ki, Aşqabad Xəzər regionunda iqtisadi-ticari, mədəni və humanitar əlaqələrin genişləndirilməsi üçün mütəmadi olaraq konstruktiv təşəbbüslər irəli sürür və onlar sahilyanı dövlətlər tərəfindən geniş dəstəklənir. O vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım Aşqabadda hərtərəfli tərəfdaşlığın inkişafı üçün etibarlı bünövrəyə çevrilən birinci Xəzər Zirvə görüşünün keçirilməsi oldu. Eyni zamanda, belə əlamətdar hadisə regionda qarşılıqlı razılaşdırılmış fəaliyyətlərin qurulmasının bir çox məsələləri üzrə həll yollarının işlənib hazırlanmasına mühüm təkan verdi. Zirvə görüşündə ilk dəfə olaraq ən yüksək səviyyədə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın əsasını qoyacaq sənədlərin hazırlanmasının vacibliyi nəzərdən keçirilib. Bunlara, xüsusilə, Xəzər dənizinin ekologiyasının mühafizəsi üzrə Çərçivə Konvensiyası və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya daxildir”.

Konfransda Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) həyata keçirilməsi, Xəzər sularının ornitoloji əhəmiyyəti və Türkmənistan Xəzər Dövlət Təbiət Qoruğunun regionun bioloji müxtəlifliyinin qorunması müzakirə edilib.

Tədbir iştirakçıları, həmçinin Türkmənbaşı Beynəlxalq Dəniz Limanının işində ekoloji standartlara uyğunluq məsələlərini və Avaza Milli Turizm Zonasında ekoturizmin inkişafı perspektivlərini nəzərdən keçiriblər.

Konfransda Beynəlxalq Dəniz Hüququ İnstitutu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının ekspertləri videobağlantı vasitəsilə iştirak ediblər.

Tədbirdə Xəzəryanı ölkələr arasında hidrometeoroloji əməkdaşlığın perspektivləri, o cümlədən region dövlətləri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində Xəzər dənizinin rolu da müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
50
azertag.az

10Mənbələr