AZ

Paraflanma nədir və niyə sülh sazişi üçün önəmlidir?

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Bəs sülh sazişinin paraflanması nə deməkdir? Bu, sənədin qüvvəyə minməsi baxımından hansı mərhələdir? 
oderator.az-a açıqlama verən  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli bildirib ki, paraflanma hər hansı müqavilənin imzalanmasından əvvəlki son mərhələdir:
“Paraflanma o deməkdir ki, müqavilə layihəsinin mətninə dair tərəflər arasında bütün danışıqlar yekunlaşıb və razılıq əldə olunub. Bu mərhələdə sənədin hər səhifəsi tərəflərin rəsmi nümayəndələri – məsələn, xarici işlər nazirləri tərəfindən imzalanır. Bu, şifahi razılaşmadan fərqli olaraq, yazılı şəkildə və rəsmi imza ilə təsdiq deməkdir”.
Ekspertin sözlərinə görə, paraflanma mərhələsindən sonra sənədin məzmununda dəyişiklik etmək faktiki olaraq mümkün deyil. Paraflanmış mətn tərəflərin razılaşdırdığı son variantdır. Bundan sonra sənəd yalnız imzalanma mərhələsinə çıxarılır. Yəni artıq bu mərhələdə əsas mətn dəyişdirilmir.
 
Mətin Məmmədli hesab edir ki, paraflanma prosesi sülhə real yaxınlaşmanın göstəricisidir:
“Müqavilə layihəsinin paraflanması o deməkdir ki, ölkəmiz sülh sazişinin imzalanmasına çox yaxınlaşıb. Bu addım tərəflər arasında siyasi zəminin formalaşdığını təsdiqləyir və real sülhün əldə olunması istiqamətində mühüm irəliləyişdir. Bu baxımdan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sənədi paraflaması, tərəflərin sülh müqaviləsinin imzalanmasına əhəmiyyətli dərəcədə yaxınlaşdığını göstərir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
16
moderator.az

1Mənbələr