AZ

İlkin Fikrətoğlu - Təzə avtoritet peyda olub, Qurban Qurbanov ona nə edəcək?

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki digərlərinə baxanda, püşk bu raundda “Qarabağ”ın qarşısına uyğun rəqib çıxarmışdı.

Düzdür, “Şkendiya” əvvəlki mərhələdə iddialı Ruminiya çempionunu hər iki oyunda məğlub etmişdi.

Amma FKSB də ondan əvvəlki raundda mərhələni keçməsinə baxmayaraq, Andorra çempionuna uduzmuşdu. Yəni Buxarest klubunun qəzalı vəziyyətdə olduğu hələ andorralılarla oyunda görünmüşdü.

“Şkendiya”ya gəlincə, bu komanda indiyədək bizim klublardan “Neftçi” və “Sumqayıt”ı yaxın keçmişdə avrokuboklar mübarizəsindən kənarlaşdırmışdı.

Həm də ona arxayın idik ki, hazırkı “Qarabağ” nə “Neftçi”dir, nə də “Sumqayıt”. Şimali Makedoniyadakı qarşılaşma təxminən gözlədiyimiz kimi oldu. “

Qarabağ” həm fərdi oyunçular, həm də komanda səviyyəsində ev sahiblərindən üstün idi. Yaxşı ki, bu üstünlüyü oyunun əvvəlində hesabda da ıks etdirə bildik.

Toral Bayramov penaltini əla yerinə yetirdi və bu qol “Qarabağ”a daha rahat oynamaq imkanı verdi.

Amma “Qarabağ”ın bu rahatlığı bəzən bizim narahatlığa səbəb olurdu. Əsas da hücum xətti.

Abdulla Zubir yenə öz “hava”sına girmişdi: bəzən nə etmək istədiyi anlaşılmırdı - qapıçıyla üzbəüz qaldığı epizodda gec qərar verdi, yaradıcı oyun potensialını tam ortaya qoya bilmədi. Bir sözlə, oyunun zəif bəndlərindən biri oldu.

Nəriman Axnudzadə ilə Addaini “Şeburn”la oyunlardan sonra tərifləyənlərə demişdim ki, kimə qarşı oynadıqlarını nəzərə alın. Nəyə qadir olduqları qarşıdakı oyunlarda bilinəcək.

Budur, gördük!

Addainin meydanda boşuna qaçmaqdan başqa bir xüsusiyyəti görünmədi. Faydalı iş əmsalı çox aşağı oldu.

Adam futbolçu kimi yonulub rədələnməlidir. Çox yöndəmsiz görünür meydanda.

Nəriman keçib yarımmüdafiədə oynasa, yaxşıdır. Bir necə ağıllı ötürməsi oldu, amma hücumçu kimi qol vurmağı, bitiriciliyi adamda əsəb yaradır.

İki real qol vəziyyətini də bizim tez ulduzlaşan bu gənc futbolçumuz boşa verdi.

Bu, “Şkendiya”dır, hesab xeyrimizə oldu deyə, o qaçırılan epizodlar indi adamı bir elə yandırmır. Qarşıdakı turlarda infarkt olmasaq yaxşıdır. Kadi də ki...

Bu görüşdə fiasko! İkinci hissədə konkret keçmişdi “Şkendiya” tərəfə. Sanki rəqibdən oynayırdı.

Bir az da meydandakı davranışından, yerişindən dikbaşlıq yağır. Deyəsən, Juninyo, ardınca Benziyanını gedişindn sonra özünü heyətdə avtoritet sayır.

Hələ qırmız vərəqə almaq üçün əlindən, ayağından gələni etdi Yaxşı ki, slovakiyalı baş hakim onu bağışladı, yoxsa “Qarabağ” oyunu azlıqda başa vuracaqdı.

Qurban Qurbanov belə məqamları nəzərdən qaçırmaz. Biz bunu sezmişiksə, o, çoxdan görüb. Yəqin əncam çəkər.

“Qarabağ” qələbəni əsasən müdafiəçilər və qapıçının yaxşı oyunu sayəsində qazandı. Mateus Silva, Bəhlul Mustafazadə və Kevin Medina, demək olar ki. ciddi səhvə yol vermədi.

Yeni transfer Pedro Bikalyo haqqında fikir bildirmək hələ tezdir.

Qapıçı Mateuş Koxalski isə əla! Komandanı qoldan xilas etdiyi epizodlar oldu.

Bütün bunlar oyundan detallardır. Əsas odur ki, nəticə istədiyimiz kimi oldu, “Qarabağ” qol buraxmadan qalib gəldi və cavab oyunu üçün böyük üstünlük qazandı.

Çempionlar Liqasında keçirdiyi üç oyunda üç qələbə. Top fərqi 5:0.

Hələlik əla nəticədir. “Qarabağ” bunu güc sərf etmədən, bir növ, ekonom rejimdə oynamaqla əldə edib.

Amma bu ekonom rejim də “Şkendiya” ilə Bakıdakı oyundan sonra bitəcək. Artıq daha aqressiv hücum xəttinə, orta sahədə daha təkmil oyun quruculuğuna ehtiyac olacaq.

“Rayo Valekano”dan Joni Montielin transferi yaxşı xəbərdir. Ümid edək ki, avrokuboklarda “Qarabağ”a faydası dəyəcək.

Ağdam klubu “Şkendiya” səddini keçəcəyi halda, Çempionlar Liqasınını pley-off mərhələsinə çıxmaqla bərabər, ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni də təmin edəcək. Bu cür şans qaçırılmaz!

Deməli, azarkeşləri qarşıda çox maraqlı mübarizə, “Qarabağ”ı isə çox çətin bir payız-qış gözləyir.

İlkin Fikrətoğlu

Seçilən
2
sportinfo.az

1Mənbələr