AZ

Milyonluq şəhərdə avtomobil yolları daraldılır - FOTO

Bir müddət əvvəl Helsinki şəhərində son 1 ildə yol qəzalarında ölüm olmaması barədə xəbər vermişdik. İndi bu mövzuya təkrar qayıdaraq səbəbləri barədə məlumat vermək istərdik. Finlandiyalılar buna necə nail olublar?

Avtosfer.az xəbər verir ki, bu göstərici on illərlə davam edən infrastruktur işlərinin nəticəsidir. Yeri gəlmişkən, şəhər çox da kiçik deyil. 1,5 milyon sakini olan paytaxta hər gün digər Avropa ölkələrindən on minlərlə insan və nəqliyyat vasitəsi gəlir.
Şəhərdə qəzaların sayını azaltmaq üçün görülən ilk iş 2000-ci illərdə sürət həddini 50 km/saatdan 40 km/saata endirmək oldu. 2021-ci ildə isə bu hədd 30 km/saata salındı və nəticə görünməyə başladı. Çoxillik statistika göstərir ki, sürət həddi 40 km/saatdan 30 km/saata endirildikdə ölümlü qəzalar yarıbayarı azalır.

Başqa bir fakt da siyasətçilərin diqqətindən yayınmadı: rejimə əməl edilməsi üçün sürət həddinin aşılması cinayət kimi tövsif edildi. Yəni, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycandakı kimi sürət həddini aşan şəxs cərimə ilə canını qurtara bilmir. 

İndi isə Helsinki bələdiyyəsinin həyata keçirdiyi daha bir maraqlı infrastruktur işi barədə. Bir haşiyə çıxaq ki, Bakıda tıxacların səbəblərindən biri kimi küçələrin darlığı göstərilir. Hətta binaları söküb küçələrin genişləndirilməsi, hər yerdə parkinq tikilməsi təklifini edənlər də tapılır (təbii ki, bunların arasında peşəkar ekspertlər yer almır – müəl.). Hansısa küçədə avtobus zolağının salınmasını isə sürücülər obrazlı desək, top-tüfənglə qarşılayırlar. Dünya təcrübəsi göstərir ki, küçələrin genişləndirilməsi tıxaca çarə deyil. 

Helsinki bələdiyyəsi də nəqliyyat intensivliyini azaltmaq üçün küçələrin hərəkət hissəsini daraltmağa başladı. Yəni, avtomobil yolundan kəsib velosiped cığırına və piyada yoluna verdilər. Yeni salınan yollar da vizual olaraq dar layihələndirilir, üstünlük piyada və velosipedçiyə verilir. Şəhərdə velosiped yollarının uzunluğu 1500 kilometri ötür.

Nəhayət, ən başlıca iş yüksək keyfiyyətli və əlçatan ictimai nəqliyyatın qurulması oldu. Bu gün Helsinkidə tramvay, gəmi və elektrikli avtobuslar sakinlərin xidmətindədir. Yayda velosipedlə hərəkət edən helsinkililər qış mövsümündə metronun xidmətindən istifadə edirlər. Şimal qütbünə ən yaxın metro sistemi 2 xətt və 30 stansiyadan ibarətdir. 

Bu xəbər də sizə maraqlı ola bilər:

https://avtosfer.az/az/avtosfer-foto/bu-seherde-son-1-ilde-olumcul-yol-qezasi-bas-vermeyib-foto-294388

Vüqar

Seçilən
4
1
avtosfer.az

2Mənbələr