Finss.az xəbər verir ki, Avtomobil istehsalçısı Ford Motor Kentukki ştatında ucuz elektrik avtomobillərinin yığılması üçün zavodun təkmilləşdirilməsinə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Şirkətin press-relizində deyilir ki, zavodda istehsal olunacaq ilk model orta ölçülü dördqapılı elektriklə işləyən pikap olacaq. İstehsalın 2027-ci ildə başlanması planlaşdırılır. Bu pikap məşhur F-150 Lightning modelinə daha çox büdcəyə uyğun alternativ olacaq.
Bundan əvvəl avtomobil istehsalçısı Miçiqanda elektriklə işləyən avtomobillər üçün akkumulyatorlar istehsal edəcək zavodun tikintisinə 3 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.
Ümumilikdə bu layihələr 4000-ə yaxın iş yerinin yaradılmasına və ya saxlanmasına imkan verəcək.
Ford səhmləri bazar ertəsi ticarət zamanı 0,3% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 12,5% artaraq 45,05 milyard dollara çatıb.