Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun növbəti təlimi SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşları üçün keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirici təlimlər davam edir.
Bu dəfə təlimə SOCAR-ın Nəqliyyat İdarəsinin 20-yə yaxın əməkdaşı cəlb edilib.
Görüşdə əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mövzuları ilə bağlı təqdimatlarla çıxışlar edilib.
Təlimdə, həmçinin əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat vermək, həmçinin istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün onların biliklərinin artırılmasından ibarətdir.