AZ

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı “SİRR-M” MMC-nin Viləşçay su anbarından ağır texnikalardan istifadə etməklə torpaq və qarışıq suxurun çıxarması faktı aşkar edilib.

SİMDNX-dan verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, MMC qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarıb.

Bildirilir ki, su anbarının balans saxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan “SİRR-M”in torpaq sahəsini özbaşına tutması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarması Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.

Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.

Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.

 

Aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

 

Xidmət hazırda su obyektlərində və onların mühafizə zonasında mövcud qanunvericiliyin tələblərinə riayət edliməsinə nəzarət tədbirlərinin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.

Seçilən
103
31
tribunainfo.az

10Mənbələr