AZ

"Trampın hədiyyəsiABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın xüsusi rolunu göstərir" -AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri bir sıra tarixi hadisələr və nailiyyətlərlə yadda qaldı. Birləşmiş Ştatların Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli birgə bəyanat Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişir. Bu bəyanat regionda sülh və sabitliyin təmin olunmasında yeni mərhələnin əsasını qoyur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Prezident İlham Əliyevin Amerikaya olan səfərindən, səfər zamanı Amerika Prezidenti Donald Trampın Ağ Evin açarını İlham Əliyevə təqdim etməsindən danışarkən bildirdi.

"Üçtərəfli birgə bəyanat nəticəsində, uzun müddətdir razılaşdırılması kifayət qədər vaxt aparan Zəngəzur dəhlizinin açılması məsələsi də öz həllini tapır. “Tramp yolu” adı altında, Ermənistandan keçən ərazinin Amerika Birləşmiş Ştatlarına 99 illiyinə icarəyə verilməsi şərti ilə həmin yolun açılışı təmin olunur. Zəngəzur yolu, yəni Tramp yolu, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, eyni zamanda Şərq və Qərbi birləşdirir. Bu dəhliz, uzun müddətdir arzulanan türk dünyasının birləşdirilməsinə və vahid yol əlaqəsinin yaradılmasına imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, bu əlamətdar beynəlxalq hadisədə Amerika Birləşmiş Ştatlarının da rolu böyükdür.

Siyasi şərhçi əlavə etdi ki, dəhlizin Ermənistandan keçən hissəsinin 99 illiyinə ABŞ şirkətlərinə icarəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.

"Səfər çərçivəsində, eyni zamanda, cənab Prezident İlham Əliyevə hədiyyə olaraq Ağ Evin qızıl açarı təqdim edildi. Bu açarın təqdim olunması bir sıra mühüm siyasi mesajları özündə ehtiva edir. İlk növbədə, tarix boyu bu açarın kimlərə təqdim olunduğuna baxmaq lazımdır. Vinston Çörçill, Şarl de Qol kimi tarixi şəxslər bu siyahıda yer alır. Məsələn, İkinci Dünya müharibəsi dövründə ABŞ ilə müttəfiqliyinə görə Vinston Çörçillə, Fransanın azad olunması uğrunda isə Şarl de Qola verilən bu mükafat Donald Trampın dövründə cəmi üç şəxsə təqdim olunub. Bunlar Yaponiyanın keçmiş Baş naziri Taro Aso, İlon Mask və Benyamin Netanyahudur. Cənab Prezident İlham Əliyevin də bu siyahıda yer alması Azərbaycanın xarici siyasəti və diplomatiyası üçün mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın adını ABŞ tarixində yenidən yazması deməkdir.

Bu hədiyyənin siyasi mesajlarına gəlincə isə, birincisi, Donald Trampın da qeyd etdiyi kimi, bu açar rəmzi xarakter daşıyır və hər kəsə təqdim edilmir, yalnız xüsusi hallarda verilir. Bu açar, həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinin simvoludur. Artıq iki ölkə arasında strateji əlaqələrin formalaşdırılması və dərinləşdirilməsi istiqamətində ciddi işlər görülür, bu sahədə razılıqlar mövcuddur".

Müsahibimizin fikrincə, bu hədiyyə ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın xüsusi rolunu göstərir.

"ABŞ həmişə Cənubi Qafqaz regionuna maraqlı olmuş, burada öz müttəfiqlərini və strateji tərəfdaşlarını formalaşdırmağa çalışmışdır. İndiki məqamda isə Azərbaycan Respublikasının, xüsusilə də Prezident İlham Əliyevin timsalında böyük siyasi liderin ABŞ ilə xoş münasibətləri və bu münasibətlərin gələcəyi məhz həmin açar vasitəsilə simvolizə olunur. Bundan əlavə, bu açar başqa mənada da cənab Prezidentin Ağ Evdə həmişə xoş qarşılandığını ifadə edir. Çünki Donald Tramp və İlham Əliyev arasında kifayət qədər səmimi dialoqlar olub və bu dialoqlar mühüm tarixi mesajlar verib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı tərəfindən Qarabağın işğaldan azad olunması, 44 günlük İkinci Qarabağ müharibəsi məhz Donald Trampın birinci prezidentlik dövründə baş vermişdir.

Ümumiləşdirsək, İlham Əliyevin hələ seçkilərdən öncə Şuşa Qlobal Media Forumunda verdiyi açıqlamada Donald Trampın hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətlərini yüksək qiymətləndirməsi, iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğunu göstərirdi. Beləliklə, Trampın birinci prezidentliyi dövründə İkinci Qarabağ müharibəsinin baş verməsi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ikinci prezidentlik dövrü başlamamışdan əvvəl İlham Əliyev tərəfindən Tramp haqqında yüksək fikirlər səsləndirilməsi və bu görüş ərəfəsində səmimi münasibətlər, həmçinin Azərbaycan Prezidentinin ABŞ Prezidentini Nobel Sülh Mükafatına təqdim etməsi kimi faktlar göstərir ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir. Təqdim olunan bu açar da məhz həmin yüksək səviyyəli əlaqələrin və iki lider arasındakı münasibətlərin rəmzi göstəricisidir", - deyə Üzeyir Mustafayev bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
9
1
redaktor.az

2Mənbələr