Şəmkirin Yeni Həyat kəndinin sakinləri yaxınlıqda yerləşən Şəmkir Quşçuluq Fabrikinin fəaliyyətindən narazılıq edirlər.
Xezerxeber.az xəbər verir ki, onların sözlərinə görə hər gün fabrikdən çıxarılan tonlarla toyuq peyini ətraf ərazilərə, əkin sahələrinin kənarlarına yığılır. Bundan ətrafa yayılan qoxu isə ciddi narahatlıq yaradır.
Sakinlər deyir ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə fabrikin sahibi olan Elxan Əliyev adlı sahibkarla görüşüblər, ancaq onların tələbi nəzərə alınmayıb.
Sözügedən quşçuluq fabriki və ətrafdakı əkin sahələrinin sahibi olan iş adamı Elxan Əliyev isə qoxu ilə bağlı deyilənləri qismən qəbul edir və deyir ki, peyin təsərrüfatda planlı şəkildə orqanik gübrə kimi istifadə olunur.
Şəmkir rayonu Yeni Həyat kəndində fəaliyyət göstərən quşçuluq fabrikindən ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə keçirilən baxış və aparılan monitorinq zamanı quşçuluq fabrikində formalaşan tullantıların ətrafa atıldığı və nəticədə havaya iy-qoxunun yayıldığı faktı təsdiqini tapıb. Faktla bağlı akt, protokol tərtib edilərək müəssisənin hüquqi şəxs qismində cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür. Qeyd edək ki, bir müddət əvvəl də sözügedən quşçuluq fabrikindən havaya normadan artıq iy-qoxu yayılması ilə bağlı müəssisənin rəhbəri Elxan Əliyev 11000 manat məbləğində cərimə olunmuşdu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.