Qurban Qurbanovun səbrli, ehtiyatlı oyunçu seçimini çox bəyənirəm.
Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmələri barədə "CBC Sport"a açıqlamasında deyib.
Tahir Gözəl pley-off-a kimi yeni transfer olub-olmayacağı haqda da danışıb.
"Mən Qurban Qurbanovu tam dəstəkləyirəm. Onun transfer siyasəti tam doğrudur. Tələsmir, doğru oyunçunu, doğru insanı görməyənə kimi qəbul etmir. Amma azarkeşlərə bu müjdəni verə bilərəm ki, "Qarabağ" tarixindəki ən böyük büdcəni Qurban Qurbanova vermişik".
O, komandası ilə qürur duyduğunu bildirib:
"Həm səfərdə, həm də Bakıda əla oynadıq. Çox yaxşı komandamız var. "Şkendiya" üzərində qələbə bütün Azərbaycanın qalibiyyəti oldu. Ümid edirəm ki, Liqa mərhələsinə vəsiqə qazanacağıq və burada "Liverpul" və PSJ kimi məşhur klubları qəbul edəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Şkendiya"nı iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.