ABŞ-nin Çinə gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması çox güman ki, aylar və ya hətta bir il çəkə bilər, çünki Vaşinqton fentanil paylanması probleminin həllində irəliləyiş görməlidir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "Fox Business"a müsahibəsində deyib.
"20 faizlik rüsum fentanil tarifinə əsaslanır. Çin Meksika və Kanadada bitən, sonra isə ABŞ-yə gələn fentanil prekursorlarının mənbəyi və tədarükçüsüdür ki, bu da keçən il 100-200 min vətəndaşımızın ölümünə səbəb olub.
Bu qəbuledilməzdir, ona görə də rüsumların azalacağını təsəvvür etməzdən əvvəl bizə aylar, hətta rüblər və ya bir il belə görünən irəliləyiş lazımdır”, - o bildirib.
Bessent həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar ABŞ Prezidenti Donald Trampa məxsusdur.
Maliyyə nazirinin sözlərinə görə, Vaşinqton və Pekin arasında ticarət məsələləri üzrə növbəti görüş iki-üç ay ərzində baş tutacaq. O, həmçinin deyib ki, Trampın Çin Sədri Si Cinpinlə danışıqlarının tarixi müəyyən edilməyib.