Almaniya kansleri Fridrix Merts XDİ/XSİ və ASDP-nin hakim koalisiyasının səhvlərini müzakirə etmək və onları düzəltmək yollarını tapmaq üçün təcili iclas çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Almaniya kansleri və Xristian Demokrat İttifaqının (XDİ) lideri öz partiyasının sədr müavinlərini Federal Kanslerliyə dəvət edib. Onların arasında Almaniyanın təhsil naziri Karin Prin, Saksoniyanın baş naziri Mixael Kreçmer və XDİ-nin baş katibi Karsten Linneman da var.
Qəzet qeyd edib ki, müzakirə mövzusu kanslerin, onun Bundestaqdakı fraksiyasının və koalisiyanın son səhvləridir. Xüsusilə, söhbət XDİ/XSİ-də fikir ayrılığına səbəb olan İsrailə silah ixracının məhdudlaşdırılmasından gedir.
Bundan əlavə, “Bild” koalisiya sazişində vəd edilən elektrik enerjisi vergisinə ümumi endirimin həyata keçirilməməsi və Federal Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi ilə bağlı fikir ayrılıqları kimi digər məsələlərin də müzakirə olunacağına diqqət çəkir.
“Bild”in məlumatına görə, görüşdə gələcəkdə oxşar qalmaqalların qarşısını almaq üçün tədbirlər də müzakirə olunacaq.
Öz növbəsində Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius “Bild”ə bildirib ki, heç bir fövqəladə iclas çağırılmayıb. "Almaniya kansleri mütəmadi olaraq öz partiyasının sədr müavinləri ilə görüşür. Bu, həmin görüşlərdən biridir. Təbii ki, onlar mövcud vəziyyəti müzakirə edirlər", - o bildirib.