AZ

ABŞ Dövlət Departamenti Rusiya və İranın ‘Tramp Marşrutu’na qarşı bəyanatlarına cavab verib – azərbaycanlı jurnalistin sualı brifinqdə gündəm oldu

Bu gün Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammy Bruce yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Vaşinqtonda yaşayan jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov brifinqdə çıxış edərək, ABŞ Prezidentinin dünya sülhünə verdiyi töhfələrə görə təşəkkürünü bildirib və xüsusilə Cənubi Qafqazda sülhün əldə edilməsində ABŞ-ın fəaliyyətini yüksək qiymətləndirib. Əhməd Şahidov 8 avqustda Ağ Evdə ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh sazişinə toxunaraq, Azərbaycan lideri İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın bu nailiyyətinə görə Nobel Sülh Mükafatına layiq görülməsi təklifini xatırladıb.

Əhməd Şahidov Dövlət Departamentinin Cənubi Qafqazda yaranmış yeni sülh şəraitinə münasibətini soruşub, həmçinin Rusiya və İran tərəfindən səsləndirilən təhdidlər, o cümlədən “Tramp Dəhlizi”nin qarşısının alınacağına dair Tehrandan səslənən bəyanatlar fonunda ABŞ-ın mövqeyini öyrənib.

Xanım Tammy Bruce cavabında bildirib ki, mümkün addımlar barədə fərziyyə irəli sürmək niyyətində deyil, amma dünya Prezident Donald Trampı ciddi qəbul edir: “Bu razılaşma ABŞ Prezidenti üçün çox vacibdir. Azərbaycan və Ermənistan liderləri Ağ Evdə idilər, bu sülh Vaşinqton üçün də, dünya üçün də əhəmiyyətlidir. Azərbaycan və Ermənistan onilliklərdir münaqişə içindədir, 35 ildən çoxdur davam edən qarşıdurmada saysız-hesabsız itkilər olub. Avropalılar, fransızlar, Putin və hətta Bayden də dəfələrlə cəhdlər edib, amma yalnız Prezident Donald Tramp bu iki ölkəni tarixi sülh razılaşmasına gətirə bildi. Dünyaya məlumdur ki, Prezident Tramp uzunmüddətli sülhə sadiqdir və lazım gələrsə sülhü qorumaq üçün ABŞ Prezidentinin imkanlarından istifadə edəcək.” – deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Seçilən
49
1
editor.az

2Mənbələr